Müharibələr, iqlim böhranı və Azərbaycanın ərzaq asılılığı
İnsanlar ərzaq böhranını adətən mağazaların boş qalması, un və yağ növbələri, qıtlıq kimi təsəvvür edirlər. Halbuki böhran çox vaxt belə başlamır. Əvvəlcə qiymətlər artır, sonra ailə daha ucuz məhsula keçir, ət və meyvəni az alır, keyfiyyətli qida gündəlik tələbatdan tədricən “əlçatmaz nemət”ə çevrilir. Mağazanın rəfləri dolu qalır, amma hamının süfrəsi əvvəlki kimi olmur.
Bu mənada dünyada baş verənlər Azərbaycandan uzaq hadisələr deyil. Ukraynadakı müharibə, Yaxın Şərqdə gərginlik, Qara dənizdə daşımaların təhlükə altında qalması, enerji və gübrə qiymətlərində dalğalanmalar, quraqlıq və su çatışmazlığı gec-tez yerli bazara da gəlib çatır. Bəzən bu təsiri çörəyin, bəzən yağın, ətin, südün, yumurtanın qiymətində görürük.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının son məlumatlarına görə, 2025-ci ildə dünyada təxminən 645 milyon insan aclıqla üzləşib. Orta və ya ağır dərəcədə ərzaq təminatsızlığı yaşayanların sayı isə 2,1 milyard nəfərə yaxın olub. Başqa sözlə, dünya əhalisinin təxminən dörddə biri il ərzində ya yediyi qidanın keyfiyyətini, ya da miqdarını azaltmağa məcbur qalıb. Sağlam qidalanmanı maddi baxımdan qarşılaya bilməyənlərin sayı 2,7 milyard nəfər qiymətləndirilir.
Bu rəqəmlər dünyanın ərzaqsız qalması demək deyil. Ərzaq var, ancaq onun istehsalı, daşınması və qiyməti getdikcə daha çox siyasi və iqtisadi sarsıntılardan asılı olur. Müharibələr əkin sahələrini məhv edir, limanları bağlayır, daşınmaların sığorta haqqını artırır. Quraqlıq məhsuldarlığı aşağı salır. Bahalaşan enerji gübrədən tutmuş soyuducu anbaradək bütün istehsal zəncirinə təsir göstərir. İstehsalçı dövlət daxili bazarını qorumaq üçün ixraca məhdudiyyət tətbiq edəndə isə idxaldan asılı ölkələr ilk zərbəni qiymətlərdə hiss edirlər.
Azərbaycanın vəziyyəti haqqında danışarkən iki ifrat fikirdən uzaq durmaq lazımdır. Ölkəmiz heç də bütün ərzaq məhsullarını xaricdən almır. Azərbaycan tərəvəz, pomidor, nar, fındıq, bir sıra meyvələr və yumurta üzrə daxili tələbatını ödəyir, bəzi məhsulları xeyli həcmdə ixrac da edir. Amma “bazarda hər şey var” deyib problemi kiçiltmək də düzgün olmaz. Çünki gündəlik qidalanmanın əsasını təşkil edən bir sıra məhsullarda xaricdən ciddi asılılıq qalır.
Məhsullar üzrə özünütəminetməni göstərən son tam rəsmi ərzaq balansı 2024-cü ilə aiddir. 2025-ci ilin idxal və qiymət statistikası, eləcə də 2026-cı ilin cari göstəriciləri açıqlansa da, 2025-ci il üzrə ərzaq balansı hələ dərc edilməyib.
Son ərzaq balansına görə, 2024-cü ildə Azərbaycan buğdaya olan tələbatının cəmi 56,1 faizini daxili istehsal hesabına ödəyə bilib. Bu göstərici 2023-cü ildə 60,4 faiz idi. Yəni bir il ərzində buğda üzrə özünütəminetmə 4,3 faiz bəndi azalıb. Başqa sözlə, ölkənin buğdaya tələbatının təxminən 44 faizi yerli istehsal hesabına ödənmir. Bu, ərzaq təhlükəsizliyinin ən həssas nöqtələrindən biridir.
Buğda adi idxal məhsulu deyil. O, unun və çörəyin əsas xammalıdır. Azərbaycanda adambaşına illik təzə çörək istehlakı 2024-cü ildə 116,1 kiloqram olub. Çörəyin ailələrin gündəlik qida rasionunda bu qədər böyük yer tutduğu ölkədə buğda bazarında yaranan hər bir problem sosial məsələyə çevrilə bilər.
Üstəlik, taxıl yalnız çörək demək deyil. Qarğıdalı, arpa və başqa yemlik bitkilər quşçuluğun, südçülüyün və ət istehsalının maya dəyərinə təsir göstərir. Buna görə xaricdə taxıl bahalaşanda onun təsiri bir müddət sonra ətin, südün və yumurtanın qiymətində də görünə bilər.
2024-cü ildə çəltik istisna olmaqla bütün dənli bitkilər üzrə özünütəminetmə 68,4 faiz, qarğıdalıda 77,4 faiz olub. Quş əti üzrə göstərici 76,6, süd və süd məhsullarında 83,9, balıq və balıq məhsullarında 77,3 faiz təşkil edib. Bütün növ ət və ət məhsulları birlikdə götürüldükdə daxili istehsal tələbatın 83,4 faizini ödəyib.
Bitki yağlarında vəziyyət daha həssasdır. Bu məhsullar üzrə özünütəminetmə cəmi 55,6 faiz olub. Kərə yağında göstərici 69,8, şəkər istehsalı üçün xammalda isə yalnız 46,2 faiz təşkil edib. Deməli, yağ və şəkər kimi gündəlik istifadə olunan məhsulların istehsal zəncirində xarici xammalın rolu olduqca böyükdür.
“Yerli istehsal” ifadəsi də hər zaman tam mənzərəni göstərmir. Məhsul Azərbaycandakı müəssisədə istehsal və ya qablaşdırıla bilər, lakin onun xammalı, yemi, toxumu, damazlıq materialı, dərmanı və ya istehsal avadanlığı xaricdən gətirilə bilər. Məsələn, quş əti ölkə daxilində istehsal olunsa da, quşçuluq təsərrüfatı yemlik qarğıdalıdan, soyadan, baytarlıq preparatlarından və xarici damazlıq materialından asılıdırsa, dünya bazarındakı bahalaşma həmin “yerli” məhsulun qiymətinə də keçir.
Bununla belə, Azərbaycanın üstün olduğu sahələr də az deyil. 2024-cü ildə tərəvəz üzrə özünütəminetmə 105,8, pomidorda 119,7, meyvə və giləmeyvədə 128,5, narda 135,1, yumurtada 103,7 faiz olub. Bu rəqəmlər göstərir ki, ölkənin kənd təsərrüfatı potensialı yoxdur demək ədalətsiz olardı. Problem daha çox istehsalın quruluşundadır: Azərbaycan bəzi məhsulları ehtiyacından artıq istehsal etdiyi halda, süfrənin əsasını təşkil edən strateji məhsullarda xarici bazardan asılı qalır.
2025-ci ilin yekun gömrük statistikası bu asılılığın pul ifadəsində nə qədər böyük olduğunu daha aydın göstərir. İl ərzində Azərbaycana 356,5 milyon dollarlıq dənli bitki gətirilib. Süd məhsulları, yumurta, təbii bal və digər heyvan mənşəli ərzaqların idxalına 288,4 milyon dollar xərclənib. Şəkər və şəkərdən hazırlanan məhsullar üzrə idxal 255,7 milyon dollar, heyvan və bitki mənşəli yağlarda 235,2 milyon dollar olub.
Eyni ildə taxıl, un, nişasta və süddən hazırlanan hazır məhsulların idxalı 220 milyon dollara yaxınlaşıb. Meyvə və qoz-fındıq üçün 197,8 milyon, müxtəlif hazır ərzaq məhsulları üçün 174 milyon, heyvan yemi üçün 148,7 milyon, ət və ət məhsulları üçün isə təxminən 118 milyon dollar ödənilib. Bu kateqoriyaların sadə cəmi belə təxminən 2 milyard dollara çatır. Siyahıya bütün ərzaq və kənd təsərrüfatı xammalı daxil olmadığı üçün ümumi məbləğ daha yüksəkdir.
Meyvə və tərəvəzdə özünütəminetmə 100 faizdən yuxarı olduğu halda idxalın davam etməsi ziddiyyət kimi görünə bilər. Əslində burada mövsümilik, məhsul çeşidləri və xarici ticarətin quruluşu rol oynayır. Azərbaycan yayda pomidor, alma, nar və başqa məhsullar ixrac edə, qışda isə banan, sitrus meyvələri, istixana tərəvəzi və ölkədə yetişdirilməyən digər məhsulları idxal edə bilər. Buna görə özünütəminetmə göstəricisi idxalın ümumiyyətlə olmadığı anlamına gəlmir.
Əsas məsələ idxalın mövcudluğu deyil. Müasir dünyada heç bir ölkənin bütün ərzağı özü istehsal etməsi nə realdır, nə də həmişə səmərəlidir. Təhlükə strateji məhsullar üzrə asılılığın yüksək olması, tədarükün az sayda ölkədə cəmləşməsi və alternativ marşrutların məhdudluğudur. Əgər buğdanın, bitki yağının və ya yem xammalının böyük hissəsi bir neçə xarici mənbədən gəlirsə, həmin ölkələrdən birində məhsulun azalması və ya ixrac rüsumunun artırılması Azərbaycan bazarına birbaşa təsir edə bilər.
Bu təsir artıq qiymətlərdə görünür. Dövlət Statistika Komitəsinə görə, 2025-ci ildə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları əvvəlki illə müqayisədə orta hesabla 6,8 faiz bahalaşıb. 2026-cı ilin yanvar–iyul aylarında da həmin məhsullar üzrə qiymətlər əvvəlki ilin eyni dövrünə nisbətən yenidən 6,8 faiz artıb. 2026-cı ilin iyulunda qida qiymətləri bir il əvvəllə müqayisədə 7,3 faiz yüksək olub.
Bu rəqəm ilk baxışda fövqəladə görünməyə bilər. Ancaq bahalaşmanın bir neçə il dalbadal baş verdiyini nəzərə almaq lazımdır. Əgər məhsul əvvəlki illərdə də bahalaşıbsa, yeni artım artıq yüksəlmiş qiymətin üzərinə gəlir. Əməkhaqqı və ailə gəlirləri eyni sürətlə artmadıqda isə nəticə statistik faizdən daha ağır hiss olunur.
Aşağıgəlirli ailə üçün ərzağın bahalaşması adi inflyasiyadan daha ciddi problemdir. Belə ailələr gəlirlərinin böyük hissəsini qidaya xərclədiyinə görə qiymət artımını başqa xərc hesabına kompensasiya etmək çətinləşir. İnsan əvvəlcə restorandan, geyimdən və istirahətdən imtina edir. Sonra ətin, meyvə-tərəvəzin miqdarını azaldır, daha ucuz yağ alır. Beləcə, ərzaq böhranı təkcə aclıq deyil, qidalanmanın keyfiyyətinin pisləşməsi kimi də özünü göstərir.
Azərbaycanın yaxın zamanda mağazalarda kütləvi ərzaq qıtlığı ilə üzləşəcəyini söyləmək üçün əsas yoxdur. Amma bu, arxayınlaşmaq üçün də səbəb deyil. Təhlükə çox güman ki, boş rəflərdən əvvəl bahalaşma, keyfiyyətin aşağı düşməsi və sağlam qidanın əhalinin bir hissəsi üçün əlçatmaz olması şəklində üzə çıxacaq.
Çıxış yolu bütün idxalı dayandırmaq deyil. Əsas məqsəd buğda, yem, bitki yağı, şəkər xammalı və digər strateji məhsullarda təhlükəli asılılığı azaltmaqdır. Bunun üçün yalnız əkin sahələrini genişləndirmək kifayət etmir. Məhsuldarlıq yüksəlməli, keyfiyyətli toxuma çıxış yaxşılaşmalı, su itkiləri azaldılmalı, müasir suvarma sistemləri genişlənməli, fermerin texnika, maliyyə, sığorta, anbar və bazara çıxış problemləri həll olunmalıdır.
Xüsusilə su məsələsi getdikcə daha böyük əhəmiyyət qazanır. İqlim dəyişdikcə və regionda su ehtiyatları azaldıqca köhnə kanallarda itirilən hər kubmetr su kənd təsərrüfatının gələcək imkanlarını zəiflədir. Fermerə subsidiya verib onu su, keyfiyyətli toxum və satış bazarı olmadan buraxmaq uzunmüddətli ərzaq təhlükəsizliyi yaratmır.
Strateji ehtiyatların idarə edilməsi, idxal mənbələrinin şaxələndirilməsi və aşağıgəlirli ailələrin müdafiəsi də istehsal qədər vacibdir. Ərzaq təhlükəsizliyi yalnız ölkədə nə qədər məhsul yetişdirilməsi ilə ölçülmür. Əsas sual budur: fövqəladə vəziyyətdə ehtiyat nə qədər müddətə çatacaq və adi vətəndaş həmin məhsulu ala biləcəkmi?
Bu gün dünya bazarında ərzaq tapmaq mümkündür. Ancaq müharibələrin, iqlim dəyişməsinin və ticarət qarşıdurmalarının dərinləşdiyi şəraitdə onun həmişə eyni qiymətə və eyni rahatlıqla əldə olunacağına zəmanət yoxdur. Azərbaycanın problemi də məhz buradadır: ölkə ac deyil, lakin süfrəsinin mühüm bir hissəsi xaricdə baş verən hadisələrdən həddindən artıq asılıdır.
16:50 19.08.2026
Oxunuş sayı: 60
Aqil Eyvazov
Cross Media Təhlil Mərkəzinin analitiki, iqtisad üzrə fəlsəfə doktoru, dosent, "İqtisadiyyat və Hüquq" İctimai Birliyinin sədri