CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: kütləvi aksiyalar

17:36 14.10.2026

Fransada etirazlar böyüyür: Makron gənclərin narazılığını haqlı sayıb

58

Fransa Prezidenti Emmanuel Makron ölkə üzrə davam edən məktəbli etirazları fonunda gənclərin narahatlıqlarını əsaslı hesab etdiyini bildirib. Bununla yanaşı, dövlət başçısı nümayişlər zamanı baş verən zorakılıq hallarını pisləyib. Crossmedia.az xəbər verir ki, bu barədə Fransa hökumətinin sözçüsü Mod Brejon açıqlama verib. Onun sözlərinə görə, Makron gənclərin narazılıqlarının siyasi məqsədlər üçün istifadə edildiyini və bəzi hallarda küçə zorakılığına çevrildiyini düşünür. Prezident xüsusilə çərşənbə axşamı keçirilən aksiyalar zamanı baş verən zorakılıq hadisələrini qəbuledilməz adlandırıb. Makron hökumətə yaxın həftələrdə etirazçıların tələblərinə konkret cavablar hazırlamaq barədə göstəriş verib. Bu çərçivədə müəllimlərin təhlükəsizliyinin təmin olunması və məktəb binalarının vəziyyətinin qiymətləndirilməsi nəzərdə tutulur. Hökumət sözçüsü bildirib ki, təhsil müəssisələrinə göndərilməsi planlaşdırılan 3 min əvəzedici müəllimdən 2 mini artıq işə cəlb edilib. Fransanın təhsil naziri Eduar Jefre də məktəblərdə müəllim çatışmazlığının aradan qaldırılması istiqamətində tədbirlərin davam etdirildiyini açıqlayıb. Qeyd edək ki, Fransada məktəblilərin etirazlarının əsas tələbləri təhsilə ayrılan maliyyə vəsaitinin artırılması, məktəblərdə şəraitin yaxşılaşdırılması və universitetlərə qəbul üçün istifadə olunan “Parcoursup” platformasına yenidən baxılmasıdır. Makron etirazçıları sakitliyə, insanların təhlükəsizliyinə və ictimai əmlaka hörmət etməyə çağırıb. Məlumata görə, etirazlar başlayandan bəri 6 800-dən çox şəxs saxlanılıb. Onların böyük əksəriyyətini yetkinlik yaşına çatmayanlar təşkil edir. Fransa polisinin fəaliyyətinə nəzarət edən Baş Müfəttişlik (IGPN) isə nümayişlər zamanı polis zorakılığı ilə bağlı 24 araşdırmaya başlayıb.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR