Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı təsdiqlənib. Bu barədə qərar Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qəbul edilib. Təqdimatı MSK-nın katibi Arifə Muxtarova həyata keçirib. Təqvim Planı bələdiyyə seçkilərinin ölkə qanunvericiliyinə uyğun olaraq yüksək keyfiyyətlə və ardıcıllıqla keçirilməsini təmin etmək məqsədilə hazırlanıb.
Bələdiyyə eksperti Fərman Salmanlı Crossmedia.az-a verdiyi açıqlamada bu seçkilərdən gözləntilərini bölüşüb. O bildirib ki, bələdiyyə üzvlüyünə namizədlər arasında ali təhsillilərin, gənclərin və qadınların faiz nisbətinin daha da artacağına ümid edir. Ekspertin sözlərinə görə, 1999-cu ildə keçirilən ilk bələdiyyə seçkilərində bələdiyyə üzvləri arasında ali təhsillilərin sayı cəmi 34%, gənclərin sayı 2%, qadınların isə 4%-dən az olub. Ancaq 2019-cu ildə keçirilən son bələdiyyə seçkilərində bu göstəricilər əhəmiyyətli dərəcədə yaxşılaşıb. Belə ki, ali təhsillilərin faizi 90%-dən yuxarı, gənclərin payı 36,42%, qadın bələdiyyə üzvlərinin isə 38,81% təşkil edib. Fərman Salmanlı vurğulayıb ki, yeni seçkilərdə də ali təhsilli, gənc və qadın namizədlərin həm iştirak, həm də seçilmə göstəricilərinin daha yüksək olacağına inanır.
Təqvim Planına gəldikdə isə, bu sənəd bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı əsas mərhələləri və prosedurları əhatə edir. Plan seçkilərin təyin olunması, namizədlərin irəli sürülməsi, seçici imzalarının toplanması, namizədlərin qeydə alınması, onların maliyyə hesabatlarının təqdim edilməsi, müşahidəçilərin qeydiyyata alınması, seçkiqabağı təşviqat üçün yerlərin müəyyən edilməsi, səsvermə yeri və vaxtı haqqında məlumatların açıqlanması, exit-pollun təşkili və seçkilərin yekunlarının elan olunması kimi məsələləri nəzərdə tutur. Həmçinin, sənəd Azərbaycan Respublikasının Konstitusiyası və Seçki Məcəlləsinə əsaslanaraq hazırlanıb və tədbirlərin ardıcıl həyata keçirilməsini təmin edir.
Bələdiyyələrin fəaliyyətinə dair beynəlxalq standartlarla bağlı fikirlərini bölüşən ekspert bildirib ki, bu sahədə əsas sənəd “Yerli özünüidarə haqqında” Avropa Xartiyasıdır. Xartiyaya görə, bələdiyyələr azad, gizli, bərabər, birbaşa və ümumi səsvermə yolu ilə seçilmiş üzvlərdən ibarət olmalıdır. Bu prinsiplər Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi və bələdiyyələrin statusunu müəyyən edən qanunlarla uyğunluq təşkil edir. Təqvim Planının beynəlxalq standartlara tam uyğun şəkildə hazırlandığı vurğulanıb.
Ekspertin sözlərinə görə, Azərbaycanda bələdiyyələrin inkişafı və demokratik seçkilərin keçirilməsi üçün müasir tələblərə cavab verən hüquqi çərçivə mövcuddur. Bu seçkilər həm iştirakçıların keyfiyyəti, həm də şəffaflıq baxımından əvvəlki seçkilərdən daha uğurlu olacağı gözlənilir.
Maral Şahverdili