Gündəm

Bu gün Azərbaycan apardığı siyasət nəticəsində regionda liderliyini qoruyub saxlayır. Eyni zamanda, ölkəmiz Cənubi Qafqazın iqtisadi baxımdan da lider dövlətidir. Sürətli sosial-iqtisadi və mədəni-mənəvi inkişafı ilə getdikcə regionun iqtisadi, mədəni, o cümlədən elmi-intellektual mərkəzinə çevrilən Azərbaycan artıq müasir dünyanın ən aktual problemlərinin müzakirə olunduğu beynəlxalq tədbirlərə ev sahibliyi edir, sivil dünyanın nüfuzlu elmi, mədəni, siyasi elitasını Bakıda bir araya gətirir. Elə noyabrın 11-dən 22-nə qədər baş tutan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası(COP29) kimi...

Lakin dünya miqyasında geosiyasi və iqtisadi baxımdan böyük irəliləyişlər əldə etmiş, regional müstəvidə mühüm rol oynamış ölkəmizin beynəlxalq aləmdə nüfuzuna zərbə endirmək üçün əllərindən gələni edərək sərt, gerçəyi əks etdirməyən fikirlər irəli sürənlər də mövcuddur. Yaxın günlərdə, COP29 ərəfəsində Almaniyanın xarici işlər naziri Annalena Berbokun Azərbaycanın insan hüquqları sahəsindəki vəziyyətinə dair səsləndirdiyi bir sıra qərəzli fikirlər də bunu sübut edir. Maraqlıdır, belə bir məqamda açıq-aşkar fikirlər irəli sürən Almaniya diqqəti hansı istiqamətə yönəltmək istəyir?

Mövzu ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev Crossmedia.az-a açıqlamasında qeyd edib ki, COP29-un Azərbaycanda keçirilməsi çox mühüm tarixi əhəmiyyət kəsb etdi və bununla da, biz BMT(Birləşmiş Millətlər Təşkilatı) ilə ev sahibliyini yüksək səviyyədə yerinə yetirdiyimizi bütün dünyaya sərgilədik:

"COP28-dən sonra cəmi 11 ay ərzində hazırlıq işlərinin başa çatması, böyük bir tədbirə ev sahibliyinin edilməsi Azərbaycan dövlət rəhbərinin düzgün qurduğu daxili və xarici siyasətin nəticəsidir. Açılışda 72000 nəfərdən artıq şəxsin qeydiyyatdan keçməsi, 80-dən çox ölkənin rəhbəlik səviyyəsində təmsil olunması bir daha göstərdi ki, tədbirin təşkilatçılığı ən yüksək səviyyədə idi. Bəzi dövlətlərin COP29-un Bakıda keçirilməsini əngəlləməyə cəhd etmələrinə baxmayaraq, təbii ki, tədbir ən yüksək səviyyədə baş tutdu və onların belə bir tədbirə mane olmağa çalışmaları məhz öz maraqları naminə idi. Onlar öz məkrli siyasətlərini həyata keçirərək insan haqqları, siyasi məhbus bəhanələrini "gündəmə" gətirməyə çalışsalar da, səyləri nəticəsiz qaldı. Həm Fransa, həm də Almaniya çalışırdılar ki, bu proseslərdən öz xeyirləri üçün nə isə əldə etsinlər. Məlumdur ki, tədbirdə əsas məqsəd dünyada havanın temperaturunun azaldılmasına çox ciddi dəyişikliklərin əldə edilməsidir. Azərbaycan isə bu məsələyə daim dəstək verməkdə maraqlı idi və bunu sübut etdi. Fransa, Ermənistan və digər onlar kimi bəzi dövlətlərin konfransa qatılmaması, əslində ölkəmiz üçün o qədər də vacib bir məqam deyil idi. Baxmayaraq ki, havaya ən çox karbon-dioksid ötürücüsü, təbiəti zəhərləyən dövlətlər məhz onlardır".

Azərbaycanın COP29-a sədrliyi ilə inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon dollarlıq iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi razılaşmasını elan etməsi də böyük vədlər deməkdir:

"Bakı Maliyyə Məqsədi inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar vəsaitin səfərbər olunmasına liderlik etmək üçün inkişaf etmiş ölkələrin əsas hədəfini özündə ehtiva edir. Bu, ötən COP-la müqayisədə 50 milyard dollar artıq deməkdir. Bu gün bütün dünya, bəşəriyyət ölkəmizin buna nail ola biləcəyinə şübhə ilə yanaşsalar da, biz nəyə qadir olduğumuzu sübut etdik. Onlar yanıldılar və bir daha anladılar ki, Azərbaycan böyük tədbirlərin təşkilatçılığı, ev sahibliyində də irəlidədir. Eləcə də Cənab Prezident İlham Əliyevin Azərbaycan xalqı ilə birlikdə həyata keçirdiyi daxili və xarici siyasətin müstəqil, azad olduğunu sərgilədik".

Aytac Kərimova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az
            crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il