Ermənistanın mənfur fəaliyyətləri sərhədə yaxın bölgələrdə köçüb yaşayacaq keçmiş məcburi köçkünlərin sağlamlığını təhlükə altına atır. Mədən sənayesi fəaliyyəti, əlvan və qara metalların hasilatı torpağa, yeraltı su ehtiyatlarına, eləcə də havaya öz mənfi təsirini göstərir. Bütün bunlar Ermənistanın ekoloji terror siyasətindən əl çəkmədiyinin bariz nümunəsidir.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Sultan Zahidov bildirib ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji terror ilk deyildir:
"Uzun illər ərzində işğal altındakı torpaqlarda Ermənistan daimi şəkildə bizim meşələrimizi yandırıb, oradakı su anbarlarından Azərbaycana qarşı ekoloji terror vasitəsi kimi istifadə edib. Xatırlatmaq lazımdır ki, hələ 2016-cı ildə Azərbaycan Ermənistanın Sərsəng su anbarından Azərbaycana qarşı ekoloji terror vasitəsi kimi istifadə etməsi ilə bağlı Avropa Şurası Parlament Assembleyasında məsələ qaldırıb və nəticədə AŞPA-nın bununla bağlı qətnaməsi qəbul olunub. Həmin vaxt Ermənistan yayda bəndi bağlayaraq Azərbaycan kəndlərinin təsərrüfatının quraqlıqdan əziyyət çəkməsinə, qışda isə əksinə bəndi açaraq kəndlərin sel daşqını altında qalmasına səbəb olub".
Həmçinin politoloq qeyd edib ki, Oxçuçay məsələsini də unutmamalıyıq:
"Ermənistanın şərti sərhəd bölgəsindəki zavodlarından axan kirli tullantılar çayın aşağı mənsəbinə doğru gələrək, Azərbaycanın təsərrüfatının, torpaqlarının kifayət qədər çirklənməsinə səbəb olub. Bütün bunlar Ermənistanın bilərəkdən Azərbaycana qarşı ekoloji terror törətdiyinin nümunələridir. İndiki halda da sərhədə yaxın bölgələrdə Ermənistanın zavodlarının, sənayesinin, həm bölgədəki çaylara, həm digər su ehtiyatlarına, həm də havaya mənfi təsiri danılmazdır. Bu mənfi təsirdən, sözsüz ki, Azərbaycan əhalisi də, öz torpaqlarına geri qayıtmış keçmiş məcburi köçkünlər də əziyyət çəkirlər. Məqsəd isə ölkəmizə qarşı növbəti dəfə ekoloji terror törədərək, xalqımızın iradəsinə təsir göstərmək, keçmiş məcburi köçkünlərin həmin bölgələrdə yaşamamasına, geri dönməsinə səbəb olmaqdır. Sözsüz ki, onlar bu məqsədə nail olmayacaqlar. Bizim məcburi köçkünlərimiz uzun illərdir, həmin torpaqlara köçmək arzusunda idilər və nəhayət bu arzularına qovuşdular. Hansısa bir erməninin şərti sərhəddə həyata keçirtdiyi silahlı təxribatlar, eyni zamanda da ekoloji terror bizim xalqımızın iradəsinə təsir göstərəcək deyildir".
Problemin həlli istiqamətində görülə biləcək tədbirlərə gəldikdə isə politoloq bildirib ki, ilk növbədə Ermənistan ilə birbaşa danışıqlarda bu məsələ diqqət mərkəzinə gətirilə bilər:
"Hazırda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri səviyyəsində sıx görüşlər keçirilir. Ən son Türkiyədə görüş baş tutub. Bu kimi görüşlər, sözsüz ki, iki ölkə arasındakı sülh məsələsini və eyni zamanda ermənilərin həyata keçirdiyi ekoloji terror məsələsini müzakirə etmək üçün bir platforma rolunda çıxış edir. Əgər bu danışıqlar da bir fayda verməzsə, Azərbaycan bu məsələni beynəlxalq səviyyədə qaldıra bilər. Məsələn, 2016-cı ildə ermənilərin Sərsənglə bağlı fəaliyyətini Azərbaycan beynəlxalq səviyyədə qaldırdı. Bu məsələni də Birləşmiş Millətlər Təşkilatı (BMT) və digər müvafiq beynəlxalq qurumların gündəliyinə qaldıraraq, Ermənistanın həyata keçirdiyi ekoloji terrora görə cəzalandırılmasına və hansısa bir yolla qınaq obyektinə çevrilməsinə nail ola bilər".
Gülşad İbrahimova