COP29

Mübariz Göyüşlü: “COP29-un nəticələri Azərbaycanın dünyadakı liderlik mövqeyini daha da gücləndirir”

Azərbaycanın ev sahibliyi ilə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) əldə edilən mühüm uğurlar bütün dünyada müzakirə olunur. 

Məlumdur ki, həm COP29-dan əvvəl, həm də bu tədbirin gedişində Fransa və bəzi başqa Qərb dövlətləri, ermənipərəst dairələr, Ermənistan özü və başqa ölkələr Azərbaycana qarşı çox güclü şəkildə qara piar kampaniyası aparsalar da, əllərinə heç nə keçmədi, heç nəyə nail ola bilmədilər, oxları daşa dəydi.  

COP-un nəticələrinin  Azərbaycanın dünyadakı mövqe və imkanlarına nə kimi təsirləri olacaq? Ermənilərin yəqin bizə qarşı mövqeyi də zəif müdafiə olunacaq, çünki COP29-la bağlı istədiklərinə nail ola bilmədilər.

Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycanın qazandığı uğurun miqyası çox genişdir və bu, ölkəmizin beynəlxalq imicinə müsbət təsir göstərdi. “Hesab edirəm ki, Azərbaycan üçün Ermənistan və onun havadarlarının yarada biləcəyi maneə, nəsə edə biləcəkləri artıq kiçik məsələdir. Azərbaycan çox möhtəşəm bir prosesi gerçəkləşdirdi və artıq qlobal liderlik istiqamətində addımlar atır. Yəni əvvəllər BMT-yə gedərdik, qətnamələr qəbul edilməsinə çalışardıq, icrası üçün onlara israrlı müraciətlər edərdik ki, bu məsələ ilə məşğul olun. Ancaq artıq biz BMT-ni Azərbaycana gətiririk, onun qlobal tədbirinə uğurla ev sahibliyi edirik, böyük bir məsələ ilə bağlı prosesin başlanması üçün qərarlar qəbul olunur, müzakirələr açılır, bəyanatlar verilir. Azərbaycan nəhəng Qoşulmama Hərəkatına liderlik və rəhbərlik edib, böyük işlərlə məşğul oluruq. 

Bu mənada, COP29-un nəticələri Azərbaycanın dünyadakı liderlik mövqeyini daha da gücləndirir.  Azərbaycan ədaləti müdafiə edir və COP çərivəsində də beynəlxalq aləmdə Azərbaycanın ədaləti dəstəkləyən səsi eşidildi. Bu, ədalətsizliyi dəstəkləyənlərə gerçək bir zərbə oldu”.

M.Göyüşlü qeyd etdi ki, Azərbaycan Fransa və başqa Qərb dövlətlərinin boyunduruğu altında əziyyət çəkən kiçik ada dövlətlərinin, zəif inkişaf vəziyyətdə olan, hüquqları müdafiə edilməyən, daim ədalətsizliklə üzləşən ölkələrin, xalqların haqq səsi olmaqdadır. “Ermənistanın, emənilərin, ermənipərəst dairlərin bizim üçün yarada biləcəyi hansısa bir problem arxada qalır və Azərbaycan yeni uğurlu proseslərin önündə gedir. Biz daha qlobal proseslər həyata keçirməkdəyik.  COP-dan sonra, təbii ki, vəziyyət bizim xeyrimizə dəyişib və ermənilərin istədiyi alınmadı. Ermənistan da Azərbaycanın təklif və iradlarını, verdiyimiz layihələri qəbul edərsə, onun da Cənubi Qafqazda yaşam şanslarını, fəaliyyət göstərməsini  tanımaq mümkündür. İqlim dəyişmələrinə qarşı  qlobal mübarizə məsələlərində, bu kimi problemlərin həllində liderlik və öncüllük edən Azərbaycan üçün Ermənistanın və onun havadarlarının sərgilədiyi qərəzli münasibət maneəyə çevrilə bilməz”-deyə M.Göyüşlü qeyd etdi.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az
            crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il