Şəxsi inkişaf insanın öz potensialını artırmaq, bacarıqlarını inkişaf etdirmək və həyatdan daha məmnun qalmaq məqsədilə özünə qoyduğu hədəfləri reallaşdırma prosesidir. Motivasiya isəinsanın bir məqsədə yönəlməsini və fəaliyyətə keçməsini təmin edən daxili və xarici amillərin toplamıdır. Bəs görəsən uğurun açarı motivasiyadır, yoxsa şəxsi inkişaf?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən psixoloq Samirə Bağırova bildirib ki, uğurun açarı və ilk pilləsi özünə inamdır:
"Bütün uğurlu insanlar üçün uğur əldə etməkdən çox uğura gedən yol maraqlıdır. İnsan uğura gedən yolda özünü kəşf etməyə, təcrübə toplamağa, özgüvənli və daha cəsarətli olmağa başlayır. İstənilən hədəfə doğru atdığımız addımların başında ilk olaraq psixi vəziyyətimiz, əhval - ruhiyyəmiz önəmli rol oynayır. Duyğu olaraq insana ən önəmli olan özünə inamdır. Çox desələr də uğurun açarı motivasiyadır, əslində mən bununla razılaşmıram. Uğurun açarı və ilk pilləsi özünə inamdır. Çünki məhz özünə inamdan cəsarət hissi oyanmağa başlayır ki, daxili motivasiyanı oyatmış olur. Motivasiya daxili və xarici motivasiyaya bölünsə də, ən önəmli daxili motivasiyadır ki, məhz özünə inamdan və cəsarət hissindən qaynaqlanır".
Psixoloq qeyd edib ki, özünə inam hissi həm də xarakterin formalaşmasına da böyük təsir göstərir. Qısası şəxsi inkişaf, uğur və motivasiya insanın duyğularına bağlı olan məsələdir ki, sağlam ruha sahib olan insan, sağlam addımlarla uğura doğru getmiş olur.
Gültac Mehdizadə