Azərbaycan və Yunanıstan arasında maliyyə sektorunda əməkdaşlıq müzakirə edilib.
Crossmedia.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, nazir Samir Şərifov Yunanıstanın ölkəmizdəki səfiri Xristos Kapodistrias ilə görüş keçirib. Görüşdə iki ölkə arasında maliyyə, iqtisadi, beynəlxalq maliyyə qurumları çərçivəsində və digər sahələrdə əməkdaşlıq məsələləri diqqət mərkəzində olub, Bakıda keçirilən COP29-un əhəmiyyəti vurğulanıb, qlobal əhəmiyyətə malik iqlim dəyişmələri ilə bağlı məsələlərin müzakirəsi baxımından tədbirin önəmi qeyd olunub.
Səfir Yunanıstanın COP29-da ən yüksək səviyyədə – Baş nazir Kiriakos Mitsotakisin rəhbərliyi altında nümayəndə heyəti ilə təmsil olunduğunu xatırladıb və qlobal iqlim konfransının olduqca qısa müddət ərzində yüksək səviyyədə təşkili və keçirilməsinə görə təbriklərini çatdırıb.
Görüş zamanı həmçinin, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, eləcə də Qara Dəniz Ticarət və İnkişaf Bankı çərçivəsində iki ölkənin maraqlarına cavab verən qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyəti vurğulanıb, ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə dair istək ifadə olunub.