Sosium

Avtomobildə səyahət etmək müasir həyatın vazkeçilməz hissəsidir. Bir çoxumuz bu vaxtı musiqi dinləməklə keçiririk. Ancaq avtomobildə yüksək səslə musiqiyə qulaq asmaq nə dərəcədə doğrudur?

Nəqliyyat eksperti Eldəniz Cəfərov mövzuya münasibət bildirib. Onun sözlərinə görə,  avtomobildə hərəkət zamanı yüksək səslə musiqi dinləmək inzibati xəta təşkil edir: “İnsanların istirahət vaxtı zamanı bu tip hallar yaşanarsa, “Yol hərəkəti haqqında” qanun rəhbər tutularaq sürücüyə inzibati xəta tətbiq edilə bilər”.

Məsələyə hüquqi yanaşmadan söz açan hüquqşünas Ayxan Məmmədli Crossmedia.az-a bildirib ki, avtomobildə yüksək səslə musiqi dinləmək təhlükəsizlik baxımından ciddi problemlərə yol aça bilər:

“Yüksək səs sürücünün diqqətini yayındıra bilər və yolda olan digər siqnalları, məsələn, polis maşını, təcili yardım və ya yanğınsöndürən sirenalarını eşitməsini çətinləşdirə bilər. Bundan əlavə, yüksək səs sürücünün reaksiya vaxtını azaldaraq qəza riskini artırır”.
Sırf hüquqi prizmadan yanaşma ilə bağlı suala isə hüquqşünas belə cavab verib: “Ümumiyyətlə, yaşayış məntəqələrində gündüz saatlarında səs səviyyəsi 55 desibeldən, gecə saatlarında 45 desibeldən yüksək olmamalıdır. Həm beynəlxalq hüquqda, həm də Azərbaycan Respublikasının normativ hüquqi aktlarında bu məsələ qanunvericiliklə tənzimlənir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 70 və 76-cı maddələrində bununla bağlı müddəalar öz əksini tapıb. Maddələrdə sürücünün diqqətini yayındıran hər hansı bir fəaliyyət, o cümlədən yüksək səslə musiqi dinləməyin qadağan olduğu qeyd edilib. Səs-küyün səviyyəsi sürücünün diqqətini yayındıracaq həddə olmamalıdır, bu hal yol hərəkəti təhlükəsizliyinə zərər verə bilər. Digər növbədə, İnzibati Xətalar Məcəlləsinin 154.1 və 154.2-ci maddələri baş vermiş halın cəza tələblərini müəyyənləşdirir.

Belə ki, ictimai asayişi pozan səs-küy yaratmaq, cərimə ilə nəticələnə bilər. Yüksək səslə musiqi dinləyən sürücülər bu maddə ilə cərimələnə bilərlər. Həmçinin, aşayış məntəqələrində gecə saatlarında səs-küy yaratmaq xüsusi qaydalarla tənzimlənir və cərimə ilə nəticələnir. Bu müddəa avtomobillərdə yüksək səslə musiqi dinləməyə də aiddir”,- hüquqşünas bildirib.

Ayxan Məmmədli Dövlət Yol Polisinin bu xüsusda həyata keçirdiyi tədbirlərə də aydınlıq gətirib: “Yol polisi mütəmadi olaraq səs səviyyəsini yoxlamaq üçün reydlər keçirir və qaydaları pozan sürücülərə qarşı tədbirlər görür. Belə sürücülərə qanunvericiliyə uyğun olaraq 50 manatdan 100 manatadək cərimə tətbiq edilə bilər”.

Qanunların sərtləşdirilməsi ilə bağlı suala isə müsahibimiz belə cavab verib: “Düşünürəm ki, qanunlar sərtləşdirilməlidir. Hazırda bu tendensiya çox yayılıb. İctimai asayişin bu formada pozulması, zənnimcə, kobudluqdan başqa bir şey deyil. Hər birimiz cəmiyyətin şüurlu fərdi olaraq bu tip halların baş verməməsi üçün qanunlara əməl etməliyik. Qanunlardan əlavə, musiqidən eşidə biləcəyimiz səs limitində qulaq asıb özümüz zövq alsaq, bu, kifayət edər”.

Ağa Əsa

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az
            crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il