İşverənlərin nəzərinə - bu halda 10 min manat cərimə oluna bilərsiz
Azərbaycanda 18 yaşına çatmayan şəxslərin əmək hüquqları qanunla xüsusi şəkildə qorunur. Yetkinlik yaşına çatmayanların gecə vaxtı, iş vaxtından artıq, istirahət və bayram günlərində işlədilməsi, eləcə də ezamiyyətə göndərilməsi qadağandır. Bununla yanaşı, uşaqların valideynləri tərəfindən işləməyə məcbur edilməsi və ya işəgötürən tərəfindən yaşına və fiziki imkanlarına uyğun olmayan ağır işlərə cəlb olunması da ciddi hüquqi məsuliyyət yarada bilər. Bəs valideyn uşağını işləməyə məcbur edərsə, onu hansı cəza gözləyir? Yetkinlik yaşına çatmayan şəxsi işə götürərək ağır və qanunla qadağan olunmuş işə cəlb edən işəgötürən hansı məsuliyyət daşıyır?
Mövzu ilə bağlı hüquq elmləri doktoru Vüsalə Əhmədova Crossmedia.az-a açıqlamasında qeyd edib ki, "uşağın işləməyə məcbur edilməsi" ilə "işəgötürənin uşağın əməyindən qanunsuz istifadə etməsi" eyni hüquqi məsələ deyil: “Əmək Məcəlləsinin 249-cu maddəsinə əsasən, 15 yaşına çatmamış şəxslərin işə qəbul edilməsinə yol verilmir. 15-18 yaş arası şəxslərlə əmək müqaviləsi bağlanarkən valideynlərdən birinin və ya digər qanuni nümayəndənin yazılı razılığı tələb olunur. Bununla yanaşı, Əmək Məcəlləsinin 250-ci maddəsi 18 yaşına çatmayanların ağır və zərərli, yeraltı, həmçinin onların həyatına, sağlamlığına və mənəviyyatına təhlükə yarada bilən işlərdə çalışdırılmasını qadağan edir. 251-ci maddə isə, onların qaldıra və daşıya biləcəyi ağır əşyaların çəkisinə də konkret məhdudiyyətlər qoyur. Həmçinin 254-cü maddəyə görə, 18 yaşına çatmayan işçilərin gecə vaxtı, iş vaxtından artıq, istirahət və bayram günlərində işlədilməsi, eləcə də ezamiyyətə göndərilməsi qadağandır. Göründüyü kimi qanunda qadağaların spektri kifayət qədər genişdir”.
Hüquqşünas qeyd edib ki, İşəgötürən bu tələbləri pozarsa, məsələ yalnız əmək qanunvericiliyinin pozulması kimi qiymətləndirilməyəcək: “İnzibati Xətalar Məcəlləsinin 192.9-cu maddəsinə əsasən, uşağın həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə yarada bilən fəaliyyətə cəlb edilməsinə görə vəzifəli şəxs 3.000-4.000 manat, hüquqi şəxs isə 10.000-13.000 manat cərimə edilir. 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə görə isə 192.8-ci maddə ilə ayrıca cərimə nəzərdə tutulub. Əgər əmək müqaviləsi ümumiyyətlə bağlanmadan işə cəlbetmə də varsa, buradan ayrıca məsuliyyət məsələsi yaranacaq. İnzibatı Xətalar Məcəlləsinin 192.1-ci maddəsində bunun üçün fiziki, vəzifəli və hüquqi şəxslər üzrə ayrıca cərimələr nəzərdə tutulub. Ayrıca, işəgötürən uşağı ağır və təhlükəli işə cəlb edərsə, konkret hallardan asılı olaraq daha ağır nəticələr olduqda həm də cinayət məsuliyyəti məsələsi yarana bilər”.

V.Əhmədova əlavə edib ki, valideynin uşağının işləməsinə razılıq verməsi avtomatik olaraq hər bir halda inzibati xəta və ya cinayət demək deyil: “Burada işin xarakteri və uşağın hansı üsulla işləməyə məcbur edildiyi müəyyən edilməlidir. Əgər valideyn və ya başqa şəxs uşağı hədə-qorxu, zor tətbiqi və ya azadlığının məhdudlaşdırılması yolu ilə işləməyə məcbur edərsə, bu artıq Cinayət Məcəlləsinin 144-2-ci maddəsinə müvafiq olaraq "məcburi əmək" üzrə cinayət məsuliyyəti yarada bilər. Ancaq, bu halı avtomatik olaraq 144-2-ci maddə ilə cinayət adlandırmaq düzgün olmaz. Çünki, 144-2-ci maddənin tərkibində məcburetmənin konkret üsulları göstərilib. "Hədə-qorxu, zor, zor tətbiq etmək hədəsi və qanunda nəzərdə tutulan hallar istisna olmaqla azadlığın məhdudlaşdırılması və s." Deməli, uşağın işləməyə məcbur edilməsinin necə həyata keçirildiyi sübut edilməlidir. Məsələn, valideyn uşağı döyür, evdən çıxmağa qoymur, hədələyir və bu üsulla onu işləməyə vadar edirsə, artıq məcburi əmək məsələsi ciddi şəkildə ortaya çıxır. Dolayısıyla, valideynin "uşaq mənim övladımdır, istədiyim kimi işlədə bilərəm" yanaşması hüquqi baxımdan doğru deyil. Uşağın əmək fəaliyyəti qanunun müəyyən etdiyi yaş, iş şəraiti və əmək rejimi tələblərinə uyğun olmalıdır. Bundan əlavə, Ailə Məcəlləsinin 60.2-ci maddəsi də çox əhəmiyyətlidir. Bu norma valideynlik hüquqlarının uşağın mənafeyinə zidd həyata keçirilməsini qadağan edir və açıq şəkildə bildirir ki, uşaqların tərbiyəsində onların istismarına, qəddarlığa, kobudluğa və s. yol verilə bilməz. Belə pozuntulara yol verən valideyn qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır”.
Ayhan
12:30 13.08.2026
Oxunuş sayı: 84