Naxçıvan Azərbaycanın yeni nəqliyyat qapısına və təhlükəsizlik qalasına çevrilir
Prezident İlham Əliyevin Naxçıvana səfəri və səfər çərçivəsində AzTV-ə verdiyi müsahibə bir sıra vacib məqamlarla yadda qaldı. Prezident İlham Əliyev müsahibə zamanı Naxçıvanın regional əhəmiyyəti, nəqliyyat layihələri üçün strateji əhəmiyyətini vurğulayıb. Bundan əlavə Prezident İlham Əliyev Naxçıvanda yeni komando hərbi hissələrinin yaradılması və onların Döyüş bayraqlarının təqdim edilməsi, eyni zamanda Naxçıvanın Azərbaycanın nəqliyyat və logistika imkanlarının genişləndirilməsində daha mühüm mövqeyə çıxarılması ilə bağlı aparılan işlər muxtar respublikanın strateji əhəmiyyətini bir daha gündəmə gətirdiyini qeyd edib.

Milli Məclisin deputatı Aydın Hüseynov Naxçıvanın beynəlxalq nəqliyyat mərkəzinə çevilməsi ilə bağlı Crossmedia.az-a açıqlamasında qeyd edib ki, Prezident İlham Əliyevin Naxçıvanın gələcəkdə əvəzolunmaz nəqliyyat mərkəzlərindən birinə çevriləcəyi ilə bağlı fikri təsadüfi deyil: “Son illərdə bu istiqamətdə mühüm layihələr həyata keçirilir. Əsas məqsəd Naxçıvanın həm Azərbaycanın digər bölgələri, həm də Türkiyə, İran və daha geniş regionla nəqliyyat əlaqələrini gücləndirməkdir. Hazırda diqqət çəkən əsas layihələrdən biri Horadiz-Ağbənd dəmir yolu xəttidir. Bu xətt gələcəkdə Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında dəmir yolu əlaqəsinin qurulması baxımından mühüm əhəmiyyət daşıyır. Horadiz-Ağbənd istiqamətində avtomobil yolu layihəsi də həyata keçirilir. Bu yolların Naxçıvana çıxışla birləşməsi bölgənin nəqliyyat imkanlarını xeyli genişləndirə bilər. Digər tərəfdən, Naxçıvanın öz daxilində dəmir yolu infrastrukturunun yenilənməsi istiqamətində işlər aparılır. Eyni zamanda İran ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında alternativ nəqliyyat bağlantısının yaradılması məsələsi də gündəmdədir. Azərbaycan Dəmir Yolları bu istiqamətdə İran tərəfi ilə müzakirələr aparıb”.
Deputat qeyd edib ki, burada əsas məsələ Naxçıvanın sadəcə yol keçən əraziyə yox, real logistika mərkəzinə çevrilməsidir: “Yəni yük maşınları və qatarlar Naxçıvandan sadəcə keçməyəcək. Burada yüklərin saxlanılması, çeşidlənməsi, daşınması və müxtəlif istiqamətlərə göndərilməsi üçün logistika imkanlarının da artırılması vacibdir. Bunun iqtisadi üstünlükləri kifayət qədər böyük ola bilər. İlk növbədə, Naxçıvanın tranzit imkanları artacaq. Bu isə yeni yük marşrutlarının yaranması və ölkəyə tranzit gəlirlərinin artması deməkdir. İkinci mühüm məsələ yeni biznes imkanlarıdır. Nəqliyyat və logistika inkişaf etdikcə anbarlar, yük terminalları, servis məntəqələri, gömrük və digər xidmət sahələrinə ehtiyac yaranacaq. Bu da həm yeni müəssisələrin yaranmasına, həm də iş yerlərinin artmasına səbəb ola bilər. Naxçıvanın Türkiyə ilə birbaşa nəqliyyat bağlantısının güclənməsi də xüsusi əhəmiyyət daşıyır. Bu, Azərbaycan-Türkiyə arasında yükdaşımaların daha rahat həyata keçirilməsinə imkan verə bilər. Eyni zamanda Naxçıvanın Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində formalaşan böyük nəqliyyat marşrutlarına qoşulmaq imkanları genişlənə bilər. Ən vacib məqam isə budur ki, nəqliyyatın inkişafı digər sahələrə də təsir edir. Yol varsa, ticarət artır. Ticarət artırsa, xidmət sektoru böyüyür. Yeni bizneslər yaranırsa, məşğulluq artır. Ona görə də Naxçıvanın nəqliyyat mərkəzinə çevrilməsi təkcə yol və dəmir yolu layihəsi kimi qiymətləndirilməməlidir. Bu, bütövlükdə Naxçıvan iqtisadiyyatının canlanmasına ciddi təsir göstərə biləcək prosesdir. Əgər nəzərdə tutulan layihələr tam reallaşarsa, Naxçıvan gələcəkdə Azərbaycanın regiondakı əsas logistika və tranzit qovşaqlarından birinə çevrilə bilər. Bu da həm Naxçıvan, həm də bütövlükdə Azərbaycan iqtisadiyyatı üçün yeni imkanlar yaradacaq”.

Ehtiyyatda olan polkovnik Şair Ramaldanov isə açıqlamasında Azərbaycan Silahlı Qüvvələrinin Əlahiddə Komando briqadalarının yaradılmasının əhəmiyyətindən danışaraq qeyd edib ki, müharibədən sonra xüsusi təyinatlı və komando birliklərinin sayının bir neçə dəfə artırılması ilə bağlı fikirlər səsləndirilmişdi. Bu fikirlər məhz müharibədən sonrakı dövrdə, müharibə təcrübəsindən irəli gələn təhlillərin nəticəsi kimi və zərurətdən irəli gələn bir qərar kimi qəbul edilib. Deyərdim ki, bu, növbə ilə bizim ümumiyyətlə təhlükəsizliyimizlə bağlı məsələdir. Hər bir hərbi hissənin yaradılması təhlükəsizliyimiz baxımından mühüm əhəmiyyət daşıyır. Bu barədə məlumat yayıldı və bu, bizim cəmiyyətimiz tərəfindən həmişə müsbət qarşılanan bir addım kimi, Azərbaycanın qüdrətini daha da artırmasına xidmət edən bir addım kimi qiymətləndirilir. Naxçıvanın Azərbaycan üçün ciddi əhəmiyyəti var. Naxçıvanın Vətən müharibəsində ciddi xidmətləri, qəhrəmanlığı, qazandığı uğurları, fədakarlığı ilə bağlı çoxsaylı nümunələrimiz var. Azərbaycan torpaqlarının azad edilməsində canından keçərək qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində Naxçıvan hərbçilərinin böyük xidmətləri olub. Bu gün də Naxçıvanda komando birliklərinin yaradılması bir daha onu göstərir ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı bu istiqamətdə öz addımlarını atır və Ali Baş Komandanın əməliyyatların qarşısında görülən işlərə uyğun olaraq müəyyən qərarlar qəbul etməsi prosesi davam edir”.
Polkovnik qeyd edib ki, Türkiyədə komando birliklərinin keçdiyi inkişaf yolu və onların fəaliyyəti də nəzərə alınır: “Hazırda Azərbaycan Ordusunda bununla bağlı müəyyən mərhələli işlər həyata keçirilir və Ali Baş Komandanın gördüyü bütün tədbirlər bunun tərkib hissəsidir. Ali Baş Komandanın qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində atılan addımlar bir-birini tamamlayır. Bunun üçün həmişə mühüm bir məsələdir. Çünki yaranmış yeni hərbi hissələr və hər bir komando təyinatlı hərbi hissənin yaradılması Azərbaycan Ordusunun daha da gücləndirilməsini göstərir. Xüsusən də Naxçıvanın yerləşdiyi coğrafi ərazi, Naxçıvanın Azərbaycandan ayrı düşmüş vəziyyətdə olması, hələ də quru yolunun açılmaması, əlbəttə, Naxçıvanda olan müəyyən mürəkkəbliyi ortaya qoyur. Həmişə Azərbaycanda təhlükəsizlik məsələsi prioritet olub. Azərbaycan bir yanda, Naxçıvan isə təbii ki, digər tərəfdə nəzərdə tutulub və indi də bu səbəbdən Naxçıvanın təhlükəsizliyi diqqət mərkəzindədir. Naxçıvana ola biləcək risklərin qiymətləndirilməsi nəticəsində, həmin risklər əsasında Naxçıvanın təhlükəsizliyini təmin etmək üçün müəyyən addımlar atılır və bu addımların nəticəsidir ki, bu gün Naxçıvanda yeni hərbi hissələr yaranır. Yeni hərbi hissə, komando hərbi hissəsinin yaradılması da bu tədbirlərin tərkib hissəsidir. Düşünürəm ki, indi biz bu hərbi hissə haqqında danışırıq və komando hərbi hissəsi peşəkar hərbi birliyin nümunəsidir. Çünki bizim komandoda xidmət edənlər, müqavilə əsasında xidmət edən hərbçilərdir və artıq xidmət edənlər öz həyatını, öz sənətini, gələcəyini ordu ilə bağlayan, şüurlu şəkildə bu addımı atan şəxslərdir. Komando hərbi hissəsinə xidmətə qəbul edilmək üçün çox ciddi seçim prosesi olur və bu seçimdə müxtəlif sınaqlar keçirilir. Bu sınaqlardan birinci mərhələdə çox yüksək fiziki hazırlığa, məntiqi düşüncəyə və müəyyən qədər biliklərə malik olan şəxslər seçilir. Çünki komandoların qarşısında qoyulan tapşırıqlar məhz bu xüsusiyyətlərə malik şəxslər tərəfindən yerinə yetirilməlidir. Komando hərbi hissəsində xidmət etmək üçün çox ciddi seçim prosesi həyata keçirilir. Bu seçim mərhələlərindən keçən şəxslər sonrakı mərhələlərdə xüsusi hazırlıq keçirlər və beləliklə, komando birliyində xidmət üçün zəruri peşəkarlığa yiyələnirlər. Təbii ki, burada təlim prosesi də xüsusi əhəmiyyət daşıyır. Orada, təbii ki, şəxsi heyətin hazırlanması, alayda və hərbi hissədə xidmət edənlərin peşəkarlığının artırılması istiqamətində işlər görülür. Azərbaycan Ordusu öz inkişaf xətti ilə seçilən bir ordudur və bir çox istiqamətlər üzrə, istər digər sahələrin inkişafı ilə bağlı, istərsə də ordu ilə bağlı mühüm inkişaf prosesi həyata keçirilir. Qeyd etdiyim kimi, Azərbaycan Ordusu gücünə görə əlbəttə ki, ciddi göstəricilərə malikdir və bu da bir daha Naxçıvanda yeni hərbi hissələrin yaradılması ilə öz real göstəricisini ortaya qoyur. Təbii ki, Naxçıvanda ordumuz nə qədər güclü olarsa, orada olan hərbi imkanlar nə qədər yüksək olarsa, Azərbaycan Ordusunun tərkib hissəsi olaraq Naxçıvanda yaradılan və peşəkar hərbçilərdən təşkil olunan hərbi hissələrin mövcudluğu, əlbəttə, Azərbaycanın milli təhlükəsizliyi baxımından, ordunun gücləndirilməsi baxımından və Türkiyə modelinə keçidlə bağlı Azərbaycanda atılan addımlar baxımından özünəməxsus əhəmiyyət kəsb edən bir haldır.
Naxçıvanda yaradılan alay və oradakı hərbi hissələr qarşıda qoyulan vəzifələrin bütün parametrləri ilə yerinə yetirilməsinə hazır olduğunu göstərir. Bu, həmin sahənin yaranmasının və bu istiqamətdə daha da müsbət şəkildə inkişaf etdirilməsinin göstəricisidir”.
Ayhan
17:00 12.08.2026
Oxunuş sayı: 46