Meyvə alarkən hamı bu səhvi edir
Artıq ilin istənilən fəslində müxtəlif meyvələri satışda görmək mümkündür. Mövsümdən kənar meyvələrin əlçatan olması istehlakçı üçün seçim imkanlarını artırsa da, onların qida dəyəri və sağlamlıq baxımından xüsusiyyətləri ilə bağlı müəyyən suallar yaradır. Erkən yığım, uzunmüddətli daşınma, süni yetişdirilmə və istixana şəraiti meyvələrin dadına, ətrinə və biokimyəvi tərkibinə təsir göstərə bilər. Bəs mövsümdən kənar satılan meyvələr nə dərəcədə faydalıdır?

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən qida eksperti Asim Vəliyev bildirib ki, mövsümi olmayan meyvələrin satışda olması artıq adi hal alıb:
"Ümumiyyətlə, cəmiyyətdə hansı meyvənin hansı fəsildə yetişməli olduğu barədə məlumatlılıq azdır. Amma bu meyvələr dad, ətir və qida dəyəri baxımından təbii mövsümündə dərilən meyvələrlə müqayisədə zəifdir. Erkən yığım, uzun məsafəli nəqliyyat, süni yetişdirilmə və istixana şəraiti onların biokimyəvi tərkibini dəyişir. Mövsümi olmayan meyvələrin qida dəyərindəki fərqləri bir neçə əsas amillə izah edə bilərik. Meyvədə C vitamini, polifenollar və flavonoidlər kimi antioksidantların sintezi birbaşa təbii günəş işığının spektrindən və intensivliyindən asılıdır. İstixana şəraitində və ya süni işıqlandırma altında yetişən meyvələrdə bu maddələrin miqdarı daha az ola bilər. Uzaq ölkələrdən gətirilən meyvələr xarab olmamaq üçün hələ tam yetişməmiş dərilir. Meyvə bitkiyə bağlı qaldığı son günlərdə maksimum vitamin və şəkər toplayır. Erkən dərilən meyvədə fermentativ proseslər yarımçıq qaldığı üçün onun dadı, ətri və fitoqida maddələri tam formalaşmır. C vitamini və B qrupu vitaminləri işığa, oksigenə və saxlanma müddətinə qarşı həssasdır. Meyvə dəriləndən sonra saxlanıldığı hər gün ərzində mikrobioloji aktivlik və daxili metabolizm hesabına vitamin itkisinə məruz qalır”.
Ekspert qeyd edib ki, mövsümi olmayan istixana şəraitində xəstəlik və zərərvericilərin yayılma riski yüksək olduğuna görə bəzən aqrokimyəvi maddələrdən və kimyəvi gübrələrdən daha intensiv istifadə olunur: “Mövsümi olmayan meyvələri istifadə etməzdən əvvəl axar su altında yaxşıca yumalıyıq. İmkan varsa, qabığını da soya bilərik. Alternativ olaraq dondurulmuş meyvələrə üstünlük verə bilərik. Qida texnologiyasında tez dondurma üsulu ilə dondurulmuş mövsümi meyvələr mövsümi olmayan, təzə satılan meyvələrdən daha çox C vitamini və antioksidant saxlaya bilər. Mövsümdən kənar yetişdirilən qida məhsullarında nitrat qalıqlarının miqdarı normadan artıq ola bilər. Bu, əsasən azyaşlı uşaqlar, hamilə qadınlar və həzm sistemi həssas olan şəxslər üçün risk yaradır".
Zeynəb Həsən
14:45 11.08.2026
Oxunuş sayı: 59