Monitorlu avtomobillərə cərimə tətbiq olunacaq?
Avtomobil idarə edərkən telefonla danışmaq fikiri dağıtdığı üçün qayda pozuntusu hesab edilir. Maraqlıdır ki,son istehsal edilən avtomobillər elə monitorlar quraşdırıblar ki, sanki telefondur. Həmin monitorlarla bütün maşını idarə etmək olur.. Telefonla danışmaq və telefondan istifadə etmək sürücünün diqqətini yayındırdığı üçün qadağan edildiyi halda, sürücünün avtomobilin monitorundan istifadə etməsi də müəyyən hallarda təhlükə yarada bilər.
Nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyev Crossmedia.az-a açıqlamasında bildirib ki, burada əsas meyar istifadə olunan cihaz deyil, sürücünün diqqətinin yoldan yayınmasıdır:
“Sükan arxasında telefonu əldə tutaraq danışmaq və istifadə etmək həm fiziki, həm də vizual diqqəti yayındırdığı üçün təhlükəlidir. Müasir avtomobillərdəki böyük sensor monitorlardan düzgün istifadə edilmədikdə də oxşar risk yarana bilər. Əsas meyar cihazın özü deyil, sürücünün diqqətinin yoldan yayınmasıdır. Sürücü hərəkət zamanı monitordan ünvan yazmaq, menyular arasında keçid etmək, video izləmək və ya uzun müddət ekrana baxmaq üçün istifadə edirsə, gözünü yoldan çəkir və reaksiya müddəti artır”.

A.Nəbiyev qeyd edib ki, fiziki düymələrin əvəzinə kondisioner, musiqi və digər funksiyaların sensor ekran vasitəsilə idarə olunması da sürücünü ekrana baxmağa məcbur edə bilər: “Telefon istifadəsinə tətbiq olunan məhdudiyyətlərdə olduğu kimi, avtomobil monitorlarından istifadəyə də təhlükəsizlik prinsipi əsasında yanaşılmalıdır. O bildirib ki, naviqasiya və avtomobilin zəruri funksiyalarından qısa müddət istifadə normal sayıla bilər, lakin hərəkət zamanı sürücünün diqqətini uzun müddət ekrana yönəldən əməliyyatlar məhdudlaşdırılmalıdır.Qanunvericilikdə əsas prinsip belə olmalıdır: sürücünün gözünü, əlini və diqqətini təhlükəli müddətə yoldan ayıran istənilən elektron cihazdan istifadə yol hərəkəti təhlükəsizliyi baxımından risk hesab edilməlidir”.
Zərnigar Hüseynli
19:00 10.08.2026
Oxunuş sayı: 45