MİQ-də yeni qayda: Vakansiyadan imtina edənlər növbəti seçim hüququnu itirir
Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində vakansiya seçimi mərhələsinə start verilir. Bu il də əvvəlki illərdə olduğu kimi, vakant yer tutduqdan sonra həmin yerdən imtina edən namizədlər növbəti vakansiya seçimi mərhələlərində iştirak hüququnu itirəcəklər. Təhsil ictimaiyyətində müxtəlif müzakirələrə səbəb olan bu qaydanın məqsədi sistemdən sui-istifadənin qarşısını almaq və yerləşdirmə prosesini daha səmərəli təşkil etmək kimi izah olunur. Lakin bir sıra ekspertlər hesab edir ki, bu mexanizm bəzi hallarda fors-major səbəblərlə seçimdən imtina edən namizədlər üçün ədalətsiz nəticələr də yarada bilər. Bəs vakant yer tutduqdan sonra ondan imtina edən namizədlərin növbəti vakansiya seçimi mərhələlərinə buraxılmaması nə dərəcədə məqsədəuyğun yanaşmadır? Bu qayda müəllimlərin işə qəbulu prosesinə necə təsir göstərir və onun üstün, eləcə də zəif tərəfləri nələrdən ibarətdir?
Mövzu ilə bağlı Azərbaycan Gənc Alimi, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Crossmedia.az-a açıqlama verib:
“Hesab edirəm ki, müəllimlərin işə qəbulu müsabiqəsində vakant yeri tutduqdan sonra ondan imtina edən namizədlərin növbəti mərhələlərə buraxılmaması qaydası resursların səmərəli idarə olunması və prosesin optimallaşdırılması baxımından ciddi şəkildə düşünülmüş bir mexanizmdir. Bu qayda həm dövlət, həm də namizədlər baxımından müəyyən üstünlüklərə malikdir. İlk növbədə qeyd etmək istəyirəm ki, bu yanaşma sistemdən sui-istifadə və manipulyasiyanın qarşısını alır. Bəzi namizədlər yüksək bal topladıqları üçün sadəcə şanslarını yoxlamaq, yaxud reytinqdə yer tutmaq məqsədilə vakant yerləri seçirlər. Bu qayda isə namizədləri yalnız həqiqətən işləmək istədikləri məktəbləri seçməyə sövq edir. Bundan əlavə, imtina hallarının azalması növbəti yerləşdirmə turlarına ehtiyacı azaldır. Bu isə prosesi həyata keçirən qurumların inzibati yükünü yüngülləşdirir, sistemin daha çevik işləməsini təmin edir, ümumilikdə prosesi sürətləndirir və vaxta qənaət edilməsinə şərait yaradır”.
İ.Orucov qeyd edib ki, digər mühüm məqam ondan ibarətdir ki, namizəd vakant yeri seçdikdən sonra həmin məktəbə getmədikdə orada müəllim çatışmazlığı yaranır: “Yeni vakansiya elan edilənə qədər şagirdlər faktiki olaraq müəllimsiz qalırlar. Tətbiq olunan bu qayda isə vakant yerlərin uzun müddət boş qalması riskini minimuma endirir. Eyni zamanda, bu mexanizm gələcək müəllimlərdə məsuliyyət hissinin formalaşmasına da xidmət edir. İnsanlar qərar qəbul edərkən daha ciddi və peşəkar yanaşmağa çalışırlar. Bununla yanaşı, qaydanın müəyyən mənfi tərəfləri də mövcuddur. İlk növbədə, yüksək bal toplamış namizədlərin sistemdən kənarda qalması ehtimalı var. Namizəd hər hansı fors-major səbəbdən imtina etmək məcburiyyətində qaldıqda sistem kifayət qədər bilikli, bacarıqlı və yüksək potensiala malik müəllimi itirmiş olur. Məsələn, fors-major halları hər zaman mümkündür. Ailə vəziyyəti dəyişə bilər, gözlənilməz miqrasiya və ya yaşayış yerinin dəyişməsi baş verə bilər. Belə hallarda insan məcburiyyət qarşısında qalaraq imtina edir. Lakin sistem bunu nəzərə almır və nəticədə həmin savadlı müəllim növbəti mərhələlərdən kənarda qalır. Digər tərəfdən, cəza mexanizmindən çəkinən bəzi namizədlər əslində işləmək istəmədikləri, coğrafi baxımdan onlar üçün əlverişsiz olan məktəblərə məcbur şəkildə gedə bilərlər. Bu isə dərsin keyfiyyətinin aşağı düşməsinə və müəllimin qısa müddət sonra peşədən soyumasına səbəb olur”.

Ekspert qeyd edib ki, bunun şahidi olmuşam: “Məsələn, Gəncədən olan bir müəllimin Qubanın ucqar kəndlərindən birində işləməsi tələb olunduqda onun həm peşə fəaliyyətini, həm də şəxsi həyatını idarə etməsinin nə qədər çətin olduğunu müşahidə etmişəm. Bu da müəllimin motivasiyasına mənfi təsir göstərir. Bundan başqa, yerini itirmək qorxusu namizədlərdə əlavə stress yaradır. Təzyiq altında verilən qərarlar isə çox zaman rasional olmur. İnsanların həyat şəraiti dinamikdir. Sonradan daha uyğun bir vakansiya yarandıqda artıq seçimini dəyişmək imkanı olmur. Ümumilikdə isə idarəetmə, menecment və dövlət resurslarından səmərəli istifadə baxımından bu mexanizm kifayət qədər məqsədəuyğundur. Minlərlə namizədin iştirak etdiyi böyük bir sistemdə xaosun və nizamsızlığın qarşısını almaq üçün faydalı tənzimləyici vasitə hesab oluna bilər. Lakin insan resurslarının inkişafı və humanizm prinsipləri baxımından bu qayda yenidən qiymətləndirilməlidir. Mən deməzdim ki, bu mexanizm mükəmməldir. Burada müəyyən çatışmazlıqlar var. Çünki sistem müəyyən mənada insanı mexaniki idarə olunan bir element kimi qəbul edir. Hesab edirəm ki, sistemi təkmilləşdirmək üçün alternativ variantlar üzərində düşünmək lazımdır. Qaydanın effektivliyini qorumaqla yanaşı, onun mənfi tərəflərini kompensasiya etmək mümkündür. Bunun üçün bir neçə təklif irəli sürmək olar. İlk növbədə, ciddi sağlamlıq problemləri, ailə vəziyyəti və ya digər rəsmi şəkildə təsdiqlənmiş fors-major səbəblərlə əlaqədar imtina edən şəxslər üçün istisna mexanizmi yaradılmalıdır. Yəni qanunvericilikdə və ya qaydalarda belə hallarla bağlı ayrıca müddəalar nəzərdə tutulmalıdır. Digər tərəfdən, heç bir əsaslı səbəb olmadan imtina edən namizədlər üçün tam qadağa tətbiq etmək əvəzinə daha yumşaq mexanizmlər nəzərdən keçirilə bilər. Məsələn, topladığı baldan müəyyən faiz çıxıla bilər və ya növbəti müsabiqədə müvəqqəti məhdudiyyət tətbiq oluna bilər. Beləliklə, cəza daha proporsional xarakter daşıyar. Həmçinin namizədlərə məktəblərin şəraiti, yerləşməsi, sosial və logistik imkanları barədə daha ətraflı məlumat təqdim edilməlidir. Onlar seçim etməzdən əvvəl bütün şərtləri dəqiq bilməlidirlər. Seçim müddətinin daha uzun olması və məktəblərlə virtual tanışlıq imkanının yaradılması da yanlış seçimlərin qarşısını müəyyən qədər ala bilər. Çünki yalnız “Sən seçdin, getmədin, cəzan budur” prinsipi ilə yanaşmaq müəyyən risklər yaradır. Bu yanaşma müəyyən mənada humanizm prinsiplərinə və insan resurslarının inkişafı konsepsiyasına tam uyğun gəlmir”.
Ayhan
19:00 04.08.2026
Oxunuş sayı: 50