15 gün tamam olmamış bunu edin – Əks halda cəza qaçılmazdır
Son dövrlər əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının artdığı müşahidə olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti (DMX) məlumat yayıb.
Bildirilib ki, Azərbaycanın Miqrasiya Məcəlləsinin tələblərinə əsasən, ölkə ərazisində 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.
"Bununla əlaqədar olaraq DMX Azərbaycanda 15 gündən artıq müvəqqəti olan əcnəbiləri və ya vətəndaşlığı olmayan şəxsləri, habelə onları qəbul edən tərəfi miqrasiya qanunvericiliyinin tələblərinə riayət etməyə çağırır.
Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata alınması məqsədilə onu qəbul edən tərəf həmin şəxsin ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində müvafiq ərizə-anketi və əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin pasportunun yaxud digər sərhədkeçmə sənədinin surətini Dövlət Miqrasiya Xidmətinə təqdim etməlidir", - məlumatda qeyd olunub.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir. Tələb olunan müddətdə olduğu yer üzrə qeydiyyata alınmama əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin, həmçinin onları qəbul edən tərəfin inzibati məsuliyyətə cəlb edilmələri üçün əsasdır.
09:19 04.08.2026
Oxunuş sayı: 58