“Ukrayna Rusiyanın qarşısında təkbaşına buraxıla bilər” - Ekspert AÇIQLADI

Son zamanlar ABŞ prezidenti Co Baydenin Ukraynaya silah tədarükünün artırılması ilə bağlı verdiyi tapşırıq böyük maraq doğurub. Bu qərar, Baydenin hakimiyyəti Tramp administrasiyasına təhvil verməzdən əvvəl mümkün qədər çox yardım etməyə çalışması ilə izah olunur.
Mövzu ilə bağlı siyasi şərhçi Elçin Xalidbəyli Crossmedia.az-a fikirlərini bildirib:
“ABŞ-nin prezidenti Co Baydenin Müdafiə Nazirliyinə Ukraynaya silah tədarükünün artırılmasına tapşırması o qədər də gözlənilməz deyil. Tramp və onun administrasiyası öz səlahiyyətlərinin icrasına başladıqdan sonra Ukraynaya yardımları kəsə bilər. Ona görə də Bayden administrasiyası yaxın bir ayda Donald Trampa təhvil verilənə qədər mümkün qədər çox Ukraynaya silah tədarükü etməyə çalışır”.
Politoloq həmçinin əlavə edib ki, onlar Ukraynanın bir neçə aylıq ehtiyaclarını ödəməyə cəhd göstərirlər.
“Hesab edirlər ki, əgər bu addımlar atılmasa, Donald Trampın Ukrayna əraziləri hesabına Rusiya ilə sülh anlaşması tez bir zamanda reallaşa bilər. Ukrayna Rusiyanın qarşısında köməksiz təkbaşına buraxıla bilər. Bu da Ukraynanın ona diqtə olunan, uyğun olmayan, ziyanlı və zərərli sülh şərtləri ilə uyğunlaşmasına yol aça bilər. Böyük ehtimalla Bayden administrasiyası bu təhlükənin qarşısını almaq üçün Ukraynaya silah tədarükünü sürətləndirmək və artırmağa qərar verib. Bu istiqamətdə də addımlar atmağa çalışır”.
Samirə Şərif
18:38 26.12.2024
Oxunuş sayı: 5403