Türkiyədə azərbaycanlı həkimlər üçün vacib dəyişiklik:
Türkiyədə rezidentura və doktorantura təhsili alan xarici vətəndaşların maliyyə təminatı ilə bağlı hazırlanmış qanun layihəsi Azərbaycanlı həkimlər arasında ciddi narahatlıq yaradıb. Məsələ xüsusilə Türkiyədə həm təhsil alan, həm də xəstəxanalarda praktiki fəaliyyət göstərən azərbaycanlı həkimlərin gələcək fəaliyyəti baxımından geniş müzakirələrə səbəb olub. Məlumata görə, qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin Səhiyyə Komissiyasında müzakirəyə çıxarılsa da, sonradan yenidən baxılması üçün geri qaytarılıb. Bu prosesdə Türkiyədə fəaliyyət göstərən azərbaycanlı həkimlər, ictimai təşkilatlar və müxtəlif qurumların nümayəndələri məsələ ilə bağlı aidiyyəti dövlət orqanları və parlament üzvləri ilə bir sıra görüşlər keçiriblər. Ekspertlərin fikrincə, qərarın yenidən müzakirəyə çıxarılması Azərbaycan–Türkiyə münasibətlərinin strateji xarakterini və iki ölkə arasında humanitar əməkdaşlığın əhəmiyyətini bir daha göstərir. Bildirilir ki, təşəbbüsün yenidən nəzərdən keçirilməsində aparılan danışıqlar və qardaş ölkələr arasında mövcud olan qarşılıqlı etimad mühüm rol oynayıb.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan hərbi ekspert Emil Həsənli bildirib ki, Türkiyə Səhiyyə Nazirliyinin hazırladığı təklif Türkiyə Böyük Millət Məclisinin Səhiyyə Komissiyasına təqdim olunmuş və qəbul edilmişdi:

“Dünyada iqtisadi çətinliklər var. O cümlədən qardaş ölkədə böyük zəlzələ baş verdi. Türkiyə hər zaman azərbaycanlı tələbələrin təhsil almasına böyük dəstək göstərib. Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” ideyası əsasında ölkələrimiz arasında çox gözəl münasibətlər formalaşıb. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti cənab İlham Əliyev arasında qardaşlıq münasibətləri, qarşılıqlı etimad və strateji müttəfiqlik ən yüksək səviyyədədir. Bütün sahələrdə olduğu kimi, tələbələrimiz də hər zaman diqqət və qayğı ilə əhatə olunublar. Lakin Türkiyə hazırda iqtisadi çətinliklər səbəbindən bir çox sahədə qənaət rejiminə keçmək məcburiyyətindədir. Bununla əlaqədar müxtəlif istiqamətlərdə addımlar atılır və sözügedən məsələ də həmin tədbirlərin tərkib hissəsi idi. Hazırda Türkiyədə minə yaxın azərbaycanlı həkim, rezident və doktorant təhsil alır. Onlar həm oxuyur, həm də həkim kimi çalışaraq praktiki fəaliyyət göstərirlər. Bundan əlavə, türk dilli coğrafiyalardan, Rusiya Federasiyasından, Dağıstandan, Tatarıstandan, Ukraynadan, Gürcüstandan, İraqdan, Suriyadan və Cənubi Azərbaycandan olan çoxsaylı azərbaycanlı tələbələr də bu prosesin iştirakçısıdır. Onların hər biri ilə tanış olmuşam. Qərarın qəbuluna on gündən az vaxt qalmış mənə müraciət etdilər. Mən Türkiyədə Azərbaycan dövlətinin dəstəyi ilə fəaliyyət göstərən Hərbi Yönümlü Qeyri-Hökumət Təşkilatları İttifaqının sədriyəm, eyni zamanda “Qardaşlığımız Əbədidir” QHT Koalisiyasına rəhbərlik edirəm. Türkiyəyə səfərlərimiz Azərbaycan dövlətinin, Ali Baş Komandan cənab İlham Əliyevin tapşırıqları əsasında müxtəlif dövlət qurumları tərəfindən daim dəstəklənib. Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Ədliyyə Nazirliyi, QHT-lərə Dövlət Dəstəyi Agentliyi, Gənclər Fondu bizə hər zaman dəstək göstərib. Ən böyük dəstəyi isə Heydər Əliyev Fondu verib. Türkiyədə səfərlərimizin yüksək səviyyədə təşkili, Türkiyədən gələn nümayəndə heyətlərinin Azərbaycanda yüksək səviyyədə qarşılanması istiqamətində Şamaxı, Ağdam və digər rayonların icra hakimiyyətləri, millət vəkilləri, Diasporla İş üzrə Dövlət Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi və digər qurumlar mühüm dəstək göstəriblər. Bütün bunlar Azərbaycan dövlətinin birbaşa dəstəyi ilə həyata keçirilən fəaliyyətlərdir”.
Hərbi ekspert vurğulayıb ki, bu dəstəyin nəticəsində Türkiyədə Ədalət və İnkişaf Partiyası (AK Parti), Milliyyətçi Hərəkat Partiyası (MHP) rəhbərliyi və hərbi yönümlü təşkilatlarla yüksək münasibətlərimiz formalaşıb: "Qısa müddətdə Türkiyə–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, MHP sədrinin müavini, Türk Dünyası üzrə məsul şəxs İlyas Topsakal, partiyanın baş katibi və baş katibin müavini Tamer Osmanağaoğlu ilə görüşlər keçirdim. Baş katib xəstəxanada müalicə almasına baxmayaraq bizi orada qəbul etdi. Hətta şənbə günü olmasına baxmayaraq İlyas Topsakal da bizi qəbul etdi. O, eyni zamanda Təhsil Komissiyasının sədr müavinidir. Görüşlər zamanı həkimlərimiz bütün prosesi ətraflı şəkildə izah etdilər. Mən xüsusilə onların fəallığını yüksək qiymətləndirirəm. Mənə bu proses barədə ilk məlumatı Pamukkale Universitetinin radiologiya şöbəsinin rezidenti Nuranə Quluzadə və Adnan Menderes Universiteti Xəstəxanasında uzmanlıq təhsili alan Güləndam İsgəndərova vermişdi. Görüşlərdə Bilkənd Şəhər Xəstəxanasının urologiya şöbəsinin həkimləri Teymur İsmayılov və Elnur Rzayev, Ankara Universitetinin Qulaq-Burun-Boğaz şöbəsinin həkimi Atilla Quliyev və digər həkimlər iştirak edirdilər. Onlar aidiyyəti şəxslərə izah etdilər ki, əvvəlcə Azərbaycan Tibb Universitetini yüksək nəticələrlə bitiriblər, daha sonra Türkiyədə diplomlarını təsdiqlədərək imtahan yolu ilə rezidenturaya qəbul olublar. Hazırda həm çalışır, həm Türkiyə vətəndaşlarına tibbi xidmət göstərir, həm də təhsillərini davam etdirirlər. Biz görüşlərdə Azərbaycan–Türkiyə qardaşlığını, ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” ideyasını, Azərbaycan dövlətinin Türkiyə ilə yüksək münasibətlərini, Bakı–Tbilisi–Ceyhan neft kəmərini, Bakı–Tbilisi–Ərzurum qaz kəmərini, iqtisadi, siyasi və humanitar əməkdaşlığı, Çanaqqalada şəhid olan azərbaycanlıları, Nuru Paşanın və onun 1130 şəhidinin Azərbaycanda uyumasını, Çanaqqalada üç minə yaxın azərbaycanlının şəhid olmasını, Prezident İlham Əliyevin Türkiyəyə və türk dövlətlərinə münasibətini, Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana verdiyi dəstəyi, Qarabağ müharibəsində göstərdiyi mənəvi dəstəyi, Azərbaycanın zəlzələ zamanı Türkiyəyə etdiyi yardımları, Azərbaycanın Türkiyə iqtisadiyyatına yatırdığı ən böyük sərmayələri və bütün istiqamətlərdə mövcud olan qardaşlıq əlaqələrini xatırlatdıq. Eyni zamanda hərbi yönümlü təşkilatlar arasında əməkdaşlığın da nəzərə alınmasını xahiş etdik. Onlar da məsələyə həssas yanaşdılar. Millət vəkilləri bir həftə ərzində şənbə-bazar demədən çalışdılar. Daha sonra Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi, aidiyyəti komitələr və digər qurumlarla aparılan geniş müzakirələr nəticəsində qanun layihəsi yenidən baxılması üçün geri qaytarıldı”.
Zeynəb Həsən
18:00 03.08.2026
Oxunuş sayı: 59