İngiltərədə sızan yazışmalar qalmaqal yaratdı: Ukrayna ilə bağlı gizli planlar üzə çıxdı
İngiltərədə sızdırılan elektron yazışmalar müxalif jurnalist kimi tanınan Pol Meysonun (Paul Mason) və keçmiş hərbi kəşfiyyatçı Kris Donnellinin (Chris Donnelly) Leyboristlər Partiyasının müdafiə siyasətinin formalaşdırılmasına gizli təsir göstərdiyini ortaya çıxarıb.
Crossmedia.az xəbər verir ki, "The Grayzone" bu barədə araşdırma dərc edib.
Məlumata görə, 2021-ci ildən etibarən Pol Meyson və Kris Donnelli Leyboristlər Partiyasının Ukrayna müharibəsi, NATO, Rusiyaya münasibət və müdafiə xərclərinin artırılması ilə bağlı siyasətinə təsir göstəriblər.
Sızan yazışmalarda Pol Meysonun NATO, Rusiya, nüvə silahları və müdafiə xərcləri ilə bağlı çıxış mətnləri və siyasi sənədlər hazırladığı, Kris Donnellinin isə Ukraynaya uzaqmənzilli silahların verilməsi və Böyük Britaniyanın müharibəyə hazırlığının gücləndirilməsi barədə tövsiyələr verdiyi bildirilir.
Araşdırmada qeyd olunur ki, BBC və Channel 4-də çalışmış Meyson ictimaiyyətdə müxalif jurnalist kimi tanınsa da, pərdəarxasında Leyboristlər Partiyasının rəhbərliyi üçün strateji sənədlər və çıxışlar hazırlayıb. Bu fakt media ilə təhlükəsizlik bürokratiyası arasındakı sərhədlərin pozulması ilə bağlı tənqidlərə səbəb olub.
Yazışmalara əsasən, o dövrdə kölgə müdafiə naziri olan Con Hili (John Healey) 2022-ci ilin yanvarında Kris Donnellidən Ukraynaya hansı silahların verilməsinin məqsədəuyğun olduğu barədə rəy istəyib. Donnelli Kiyevin uzaqmənzilli zərbə imkanlarının artırılmasını müdafiə edib.
Hilinin bunun Rusiya tərəfindən təxribat kimi qiymətləndirilə biləcəyini bildirməsinə cavab olaraq Donnellinin "Əgər təxribatdırsa, qoy elə olsun" dediyi iddia olunur.
Sızdırılmış sənədlərdə Donnellinin Qərbin Ukraynaya dəstəyini zəiflətməmək üçün nüvə müharibəsi riskinin ictimaiyyətdə geniş müzakirə edilməsinə də qarşı çıxdığı qeyd edilir.
Araşdırmada Kris Donnellinin Böyük Britaniyanın dövlət dəstəyi ilə fəaliyyət göstərən Integrity Initiative layihəsinin təsisçilərindən biri olduğu da xatırladılır. Layihə Rusiyanın dezinformasiya fəaliyyətinə qarşı mübarizə apardığını bildirsə də, jurnalistlər, akademiklər və təhlükəsizlik ekspertləri vasitəsilə Avropa ictimai rəyinə təsir göstərməkdə ittiham olunub.
Sızdırılan materiallarda Donnelli ilə əlaqəli çevrələrin Krımı Rusiya ilə birləşdirən Kerç körpüsünə hücum variantlarını müzakirə etdiyini göstərən yazışmaların da olduğu bildirilir.
Yazışmalarda Pol Meysonun Britaniya ordusunda ehtiyat qüvvələrin artırılması, texnologiya sahəsində təhsil alan gənclərin pilotsuz uçuş aparatları və elektron müharibə bölmələrinə cəlb edilməsi ilə bağlı təkliflər irəli sürdüyü də qeyd olunur. Sənədlərdə könüllü iştirakın kifayət etməyəcəyi təqdirdə məcburi hərbi xidmətin də müzakirəyə çıxarılması təklif edilir.
Kris Donnelli isə Böyük Britaniyada yalnız ordunun deyil, sənayenin və dövlət idarəçiliyinin də mümkün müharibə şəraitinə uyğun yenidən qurulmasının vacibliyini vurğulayıb.
Məqalədə bildirilir ki, yazışmaların ictimaiyyətə sızmasından sonra Leyboristlər Partiyası və onun tərəfdarları arasında ciddi narazılıq yaranıb.
10:39 03.08.2026
Oxunuş sayı: 71