"Johnson & Johnson" xərçəng iddiaları üzrə 5,5 milyard dollar ödəməyə hazırdır
ABŞ-ın “Johnson & Johnson” (J&J) şirkəti tərkibində talk olan uşaq pudrasının xərçəng xəstəliklərinə səbəb olduğu iddiaları ilə bağlı minlərlə məhkəmə işini həll etmək üçün təxminən 5,5 milyard dollar ödəməyə razılaşa bilər.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə “Reuters” agentliyinə istinadən məlumat yayıb.
Məlumata görə, hazırda ABŞ federal və ştat məhkəmələrində şirkətə qarşı təxminən 76 min iddia araşdırılır. Həmçinin Böyük Britaniyada da minlərlə istehlakçı “Johnson & Johnson”a qarşı məhkəməyə müraciət edib.
İddialarda bildirilir ki, şirkət talk əsaslı uşaq pudrasının yumurtalıq xərçənginə səbəb ola biləcəyini bildiyi halda məhsulun istehsalını və satışını davam etdirib.
Hüquq şirkəti KP Law iddia edir ki, “Johnson & Johnson” hələ 1970-ci illərdə məhsulda təhlükəli asbestin olduğunu bilib, lakin bu barədə istehlakçıları məlumatlandırmayıb və Böyük Britaniyada satışları 2022-ci ilə qədər davam etdirib.
Şirkət isə bu ittihamları rədd edir. “Johnson & Johnson” bildirir ki, elmi araşdırmalar və müstəqil tibbi ekspertlərin uzunmüddətli tədqiqatları kosmetik talkın təhlükəsizliyini təsdiqləyir və məhsulun tərkibində asbest yoxdur.
Bununla belə, şirkət 2023-cü ildə talk əsaslı uşaq pudrasının satışını dayandıraraq qarğıdalı nişastası əsaslı alternativ məhsul istehsalına keçib.
Razılaşma qüvvəyə minərsə, şirkət 2027-ci ildə 3 milyard dollar, qalan məbləği isə 2028-ci ildə ödəməyi planlaşdırır. Bunun üçün isə iddiaların ən azı 95 faizini təmsil edən şəxslərin razılığı tələb olunur.
02:30 03.08.2026
Oxunuş sayı: 54