ABŞ-ın strateji neft ehtiyatlarının azalması narahatlıq doğurur
Crossmedia.az "Haber Global"a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın enerji qiymətlərini aşağı salmaq məqsədilə Strateji Neft Ehtiyatlarından istifadə siyasəti Vaşinqtonda geniş müzakirələrə səbəb olub.
Məlumata görə, ABŞ Energetika Nazirliyi Beynəlxalq Enerji Agentliyi (IEA) ilə koordinasiya şəraitində ümumilikdə 172 milyon barel strateji neft ehtiyatını bazara çıxarıb. Administrasiya bunun qlobal neft təchizatındakı gərginliyi azaltmaq və qiymət artımının qarşısını almaq məqsədi daşıdığını bildirib. Hökumət gələcəkdə bu həcmdən daha çox neft alınaraq ehtiyatların yenidən artırılacağını da açıqlayıb.
Bununla belə, ABŞ-ın Hesablama Palatası (GAO) yayımladığı hesabatda strateji ehtiyatlardan son illərdə fövqəladə həcmdə istifadə olunduğunu vurğulayaraq, Konqres və Energetika Nazirliyini ehtiyatların gələcəyi ilə bağlı uzunmüddətli strategiya hazırlamağa çağırıb.
Məlumata əsasən, 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra həyata keçirilən rekord həcmli satışlardan sonra, 2026-cı ildə İran böhranı fonunda da iri həcmdə neft bazara çıxarılıb. Nəticədə strateji ehtiyatlar son 40 ildən çox müddətdə ən aşağı səviyyəyə enib.
Ekspertlər hesab edirlər ki, Yaxın Şərqdə davam edən gərginlik, Qırmızı dənizdə hücumlar və qlobal enerji təchizatına yönələn risklər fonunda strateji ehtiyatların azalması ABŞ-ın mümkün yeni enerji böhranı, müharibə və ya təbii fəlakətlər zamanı manevr imkanlarını məhdudlaşdıra bilər.
Ağ Ev isə ehtiyatlardan istifadənin həm ABŞ istehlakçılarını, həm də qlobal iqtisadiyyatı qorumağa xidmət etdiyini, bazara çıxarılan neftin sonradan geri alınacağını və bunun vergi ödəyicilərinə əlavə yük yaratmayacağını bildirir.
10:34 03.08.2026
Oxunuş sayı: 74