İnsan kapitalına yatırılan uzunmüddətli sərmayə
Çağdaş dövrdə dövlətlərin regional və qlobal miqyasda rəqabət qabiliyyətini şərtləndirən əsas amil təbii resurslardan daha çox insan kapitalının keyfiyyət xüsusiyyətləri, psixoloji dayanıqlılığı və intellektual səviyyəsidir. Sosial-iqtisadi inkişafın davamlılığının təmin olunması üçün xüsusi istedada, müasir biliklərə və uyğun idarəetmə səriştələrinə malik insan resurslarının və kadrların müəyyən edilməsi, onların bacarıqlarının inkişafı və dövlət idarəetməsinin məsul vəzifələrinə cəlb olunması strateji əhəmiyyət daşıyır.
Azərbaycanda postneft və rəqəmsal transformasiya dövrünə hazırlıq çərçivəsində insan kapitalına uzunmüddətli intellektual sərmayə qoyuluşu istiqamətində reallaşdırılan strateji fəaliyyətlərdən biri də məhz “Yüksəliş” müsabiqəsidir. “Yüksəliş” müsabiqəsinə Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixli sərəncamı ilə start verilib. Müsabiqənin strateji məqsədi Azərbaycanın dövlət idarəçiliyi sistemi üçün uyğun bilik və bacarıqlara malik perspektiv liderlərin və idarəçilərin seçilib müəyyənləşdirilməsi, onların fərdi qaydada inkişafının hərtərəfli dəstəklənməsi və dövlətin kadr ehtiyatı bankının qurulmasıdır.
Bu strateji fəaliyyət, sadəcə, bir müsabiqə olaraq anlaşılmamalıdır. Çünki bu təşəbbüs dövlətin postneft və rəqəmsal transformasiya dövründə insan kapitalına strateji investisiyasıdır. Müasir dövrdə dövlət idarəçiliyinin effektivliyi strateji xarakterli qərarları qəbul edən kadrların bilik və bacarıqları ilə yanaşı, onların emosional dayanıqlılığından və hazırlıq prosesində gücləndirilən keyfiyyət xüsusiyyətlərindən asılıdır. Məhz buna görə “Yüksəliş” müsabiqəsində potensial namizədlərin bilik və bacarıqları ilə yanaşı komanda işinə meyilli olmaları, mürəkkəb vəziyyətlərdə qərar qəbuletmə qabiliyyətləri, liderlik keyfiyyətləri və etik davranış qaydalarına riayət etmələri fərqli metodlarla qiymətləndirilir.
Müsabiqə iştirakçıları test imtahanları, psixoloji və liderlik sınaqları, situasiya tapşırıqları, fərdi müsahibələr və simulyasiya mərhələlərində bilik və bacarıqları ilə yanaşı emosional və psixoloji xüsusiyyətlərini nümayiş etdirirlər. Qalib olan iştirakçılar fərdi inkişaf üçün pul mükafatından savayı, mentorluq proqramı və təlimlərdə iştirak hüququ da əldə edirlər. Onlar həmçinin Azərbaycanın dövlət idarəçiliyi sisteminin təcrübəli rəhbər vəzifəli şəxsləri ilə tanış olaraq “sosial lift” imkanı qazanırlar. Bunlardan başqa, proqram dövlət idarəçiliyində çalışan rəhbər kadrların praktik təcrübəsinin müsabiqə qalibləri olan potensial rəhbər şəxslərin nəzəri biliklərinə inteqrasiyasını və transferini də təmin edir.
“Yüksəliş” müsabiqəsi Azərbaycanın dövlət idarəçiliyi sistemində meritokratiya prinsip və dəyərlərinin bərqərar olmasına strateji xarakterli töhfə verir. Dövlət idarəçiliyi sistemində insan resurslarının idarə olunmasının bu modelində vəzifə yüksəlişinin təməl meyarı müvafiq biliklər, bacarıqlar və peşəkar keyfiyyətlərdir. Bununla da, vəzifədə yüksəliş prosesində kənar təsirlər minimalaşdırılır və dövlət qulluğunda vəzifə yüksəlişinin şəffaflıq dərəcəsi artırılır.
Bu proses dövlət idarəçiliyi sisteminə və bu sistemin içində ayrı-ayrı elementlərin bir-birinə inamını və etimadını yüksəltməklə, əməkdaşlıq mühitini sağlamlaşdırmaqla sosial kapitalın inkişafına da töhfə verir. Bununla da, güclü insan kapitalı güclü sosial kapitala çevrilir. İnsan kapitalı dövlət idarəçiliyi sistemində bilikli, bacarıqlı, təcrübəli, səriştəli, geniş dünyagörüşlü, öz sahəsində peşəkar olan insan resurslarının formalaşmasına şərait yaradır. Sosial kapital isə həmin peşəkar insan resurslarının və dövlət qurumlarının digər qurumlarla, hər bir qurumun öz daxili strukturları və geniş cəmiyyət təbəqələri ilə inama və etimada əsaslanan əməkdaşlıq mühiti yaratmasına imkan verir. Bu isə dövlət qulluğunun vəzifədə yüksəliş prosesində şəffaflıq amili ilə birləşdikdə bütövlükdə cəmiyyətdə dövlət qurumlarına və dövlət qulluğuna inamı daha da artırır.
Bütün bunlar Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı” adlanan 3-cü prioritet istiqamətinə uyğundur. Bu prioritet istiqamətdə yüksək peşə bacarıqlarına sahib olan insan kapitalının formalaşdırılması xüsusi olaraq vurğulanmışdır. Eyni zamanda 29 iyun 2026-cı ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında dövlət qurumlarında qəbul edilən qərarların zamanında və effektiv həyata keçirilməsi müasir innovasiya ekosisteminin formalaşdırılmasının önəmi xüsusi vurğulanmışdır.
Dövlət idarəçiliyində insan kapitalının, dövlət-vətəndaş münasibətlərində isə sosial kapitalın inkişaf səviyyəsi də innovasiya ekosisteminin önəmli elementlərindəndir. Bu baxımdan “Yüksəliş” müsabiqəsi dövlətimizin başçısının müəyyən etdiyi strateji inkişaf prioritetlərinə birbaşa töhfə verməkdədir. Rəqabətli insan kapitalı süni intellekt, robotik həllər və transformativ texnologiyalar dövründə Azərbaycanın regionda və dünyada iqtisadi və siyasi mövqeyini daha da gücləndirəcəkdir. Bu isə Prezident İlham Əliyevin də vurğuladığı Azərbaycanın orta güc statusunun daha da möhkəmlənməsinə xidmət edəcək.
“Yüksəliş” müsabiqəsi Azərbaycanın dövlət idarəçiliyi sistemində insan kapitalının və kadrların intellektual potensialına əsaslanan müasir və effektiv strateji mədəniyyətin ortaya çıxmasına şərait yaradır. Bu müsabiqənin dövlət idarəçiliyində institusional islahatlarla ahəngdar həyata keçirilməsi, ehtiyac duyulan potensial rəhbər kadrların tapılması, onların fərdi inkişafı və məsul vəzifələrə təyin olunması prosesini daha da sürətləndirir.
Dövlət idarəçiliyinin kadr təminatının önəmli təsisatı olan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası bu prosesdə öz tədris təcrübəsi, toplanmış intellektual potensialı və geniş məzun şəbəkəsi ilə fəal iştirak edir. Yeni dönəmin strateji öncəliyi insan kapitalının fərdi keyfiyyətlərə əsaslanaraq inkişaf etdirilməsi və rəqəmsal transformasiya dövrünün çağırışlarına cavab verməkdir. Azərbaycanın postneft dönəmində davamlı sosial-iqtisadi inkişafının məhək daşı budur.(azerbaijan-news.az)
Elnur ƏLİYEV,
Dövlət İdarəçilik Akademiyası İnzibati idarəetmə fakültəsinin dekanı, dosent
11:26 03.08.2026
Oxunuş sayı: 77