Qanunsuz miqrasiya Avropa üçün ciddi təhlükəsizlik riskləri yaradır- RƏY
Son dövrlərdə Avropada qanunsuz miqrasiya axınının artması yenidən təhlükəsizlik, sərhəd nəzarəti və miqrasiya siyasəti ilə bağlı müzakirələri gündəmə gətirib. Xüsusilə Mərakeşdən İspaniya istiqamətində qeydə alınan qanunsuz keçid cəhdləri Avropa İttifaqının üzv dövlətlərini daha sərt tədbirlər görməyə sövq edir. Ekspertlər hesab edirlər ki, məsələ təkcə humanitar və ya sosial problem deyil, eyni zamanda təhlükəsizlik, demoqrafiya, iqtisadiyyat və geosiyasi rəqabətlə sıx bağlıdır. Bu baxımdan Fransa və İtaliyanın son addımları, eləcə də Avropa İttifaqının miqrasiya siyasətində mümkün dəyişikliklər geniş müzakirə olunur. Mövzu ilə bağlı Crossmedia.az-a danışan politoloq Miri bildirib ki, Fransa və İtaliyanın bu addımı bilavasitə təhlükəsizliklə bağlıdır və qanunsuz miqrasiyanın Avropa məkanında yayılmasının qarşısını almağa hesablanıb: “Çünki bu, elə bir xaos və qanunsuz köç vəziyyəti yarada bilər ki, sonradan onun qarşısını almaq qeyri-mümkün hala gələr. Bu məsələ çox təhlükəlidir və söhbət sadəcə Mərakeşdən bir neçə yüz və ya min nəfərin Avropa məkanına, yaxud İspaniyaya qanunsuz miqrasiya etməsindən getmir. Bunun arxasında ciddi kriminal şəbəkələr dayanır və bu hücumları təşkil edən də məhz həmin şəbəkələrdir. Qaçaqmalçılıq fonunda bu cür xaos şəraitindən rahatlıqla sui-istifadə edə bilirlər. Bu baxımdan Fransa və İtaliyanın atdığı addımlar normaldır və bu prosesin genişlənməsinin qarşısını almağa hesablanıb”.

O, söyləyib ki, ABŞ miqrasiya siyasəti ilə bağlı Avropa İttifaqı ölkələrini hər zaman sərt tənqid edib və Avropada yaşanan problemlərin əsas səbəblərindən biri kimi bunu göstərib: “ Donald Trampın miqrasiya siyasətinə münasibəti çox sərtdir. O, ABŞ-də həm qanunsuz, hətta bəzi hallarda qanuni miqrantlara münasibətdə də sərt siyasət yürüdür və bunu bundan sonra da davam etdirəcək. Düşünürəm ki, Avropa da bu məsələdən müəyyən nəticə çıxarıb. Buna görə də bu istiqamətdə daha sərt siyasətin və qəti addımların atılması gözlənilir. Ancaq məsələ yalnız sərt tədbirlərlə həll olunacaq problem deyil. Bunun üçün qanunvericilikdə dəyişikliklərə və bütövlükdə sistemli, hərtərəfli yanaşmaya ehtiyac var. Artıq bu cür hadisələr Avropanı vahid iqtisadi və siyasi məkan kimi ciddi narahat edir və hesab edirəm ki, bu, gələcəkdə daha ciddi qərarların qəbul olunmasına səbəb olacaq.
Əslində sistemli yanaşma deyəndə mən bu məsələni kompleks şəkildə nəzərdə tuturam. Çünki problemin siyasi, iqtisadi, təhlükəsizlik və demoqrafik tərəfləri var. Eyni zamanda bundan istifadə etmək istəyən rəqib dövlətlər də mövcuddur. Məsələn, Avropa məkanına təzyiq göstərmək istəyən Rusiya faktoru var. Moskva Belarus vasitəsilə Avropanı miqrasiya təzyiqi altında saxlamağa çalışır və bu da ciddi nəticələr doğurur. Ona görə də bu məsələ fundamental şəkildə həll olunmalıdır. Xüsusilə Avropada demoqrafik vəziyyətin getdikcə mürəkkəbləşməsi fonunda bu problemlər dövlətlər və Avropa İttifaqı səviyyəsində vahid siyasi yanaşma ilə həll edilməlidir.
Əks təqdirdə, bu proses təkcə xaosa deyil, həm də Avropa cəmiyyətində demoqrafik balansın pozulmasına və sosial bərabərsizliyin dərinləşməsinə səbəb ola bilər. Eyni zamanda qanunsuz miqrasiya Avropa üçün ciddi təhlükə mənbəyidir. Çünki miqrasiya edən şəxslərin heç birinin alnında terrorçu olduğu yazılmayıb. Terroru dəstəkləyən və müxtəlif hərbi təxribatlar törədən dövlətlər belə şəxsləri miqrasiya axını vasitəsilə Avropaya göndərərək onları uzun müddət gizli şəkildə saxlayıb, lazım olan vaxt istifadə edə bilərlər. Bu gün ABŞ–İsrail–İran qarşıdurması, eləcə də Rusiya–Qərb qarşıdurması fonunda bu təhlükələr daha da real görünür. Ona görə də məsələyə yanaşma sistemli və ciddi olmalıdır.
Bu baxımdan Fransa, İtaliya və Avropa İttifaqı rəhbərliyi dərhal hərəkətə keçərək təkcə mövcud vəziyyətin qarşısını almağa deyil, bütövlükdə bu problemi birdəfəlik sivil yollarla həll etməyə çalışırlar. Bunun necə nəticələnəcəyini zaman göstərəcək. Ancaq indiki mərhələdə əsas məqsəd bu xaosun daha da dərinləşməsinin və böyük insan itkilərinə səbəb olmasının qarşısını almaqdır. Buna görə də Avropa İttifaqı rəhbərliyi, İspaniya və digər Avropa ölkələri Mərakeş rəhbərliyi ilə danışıqlar aparır ki, 60 minə yaxın qanunsuz miqrant mərhələli şəkildə öz ölkələrinə qaytarılsın.
Bundan əlavə, həmin şəxslərlə bağlı siyahılar dəqiqləşdirilməli, qanunsuz miqrasiya prosesində hansı cinayət tərkibli əməllərin olduğu araşdırılmalıdır. Çünki bu, spontan baş vermiş hadisə deyil. Bu prosesi tətikləyən dövlətlər və kriminal şəbəkələr mövcuddur. Ona görə də məsələ ciddi şəkildə təhlil edilməli, araşdırılmalı, bütün cinayət elementləri və iştirakçılar müəyyən edilməlidir ki, gələcəkdə daha böyük faciələrin qarşısını almaq mümkün olsun”.
Zeynəb Həsən
11:30 03.08.2026
Oxunuş sayı: 68