Rusiyanın yeni aviasimulyatoru Çində təqdim olundu
Rusiyanın 1C Game Studios şirkəti Koreya müharibəsinə həsr olunmuş "Koreya. İl-2" aviasimulyatorunu Çində keçirilən ChinaJoy rəqəmsal əyləncə sərgisində təqdim edib. Oyunun rəsmi satışa avqustun 4-də çıxacağı açıqlanıb.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə məlumat yayıb.
Şirkətin marketinq direktoru Anatoli Subbotin bildirib ki, yeni layihə studiyanın əsas aviasimulyator seriyasının davamıdır. Onun sözlərinə görə, bu dəfə İkinci Dünya müharibəsi mövzusundan kənara çıxılaraq 1950–1953-cü illərdə baş vermiş Koreya müharibəsinə diqqət yetirilib.
Subbotin qeyd edib ki, oyun Çin dilində də istifadəçilərə təqdim olunacaq. O, Koreya müharibəsinin aviasiya tarixində xüsusi mərhələ olduğunu vurğulayaraq bildirib ki, həmin dövrdə İkinci Dünya müharibəsinin təyyarələrini reaktiv qırıcılar, o cümlədən sovet istehsalı MiQ-15 və ABŞ-nin F-86 Sabre təyyarələri əvəz etməyə başlayıb.
Şirkət rəsmisi əlavə edib ki, bu, pilotların hələ də hava döyüşlərində bir-birini vizual olaraq görə bildiyi son mərhələlərdən biri hesab olunur.
Məlumata görə, 1C Game Studios ötən il də ChinaJoy sərgisində iştirak edib. Sərgidən sonra şirkət "Kalibr" taktiki onlayn şuter oyununun Çin bazarı üçün uyğunlaşdırılmış versiyasını hazırlayıb. Hazırda oyun Çində açıq beta sınaq mərhələsindədir və tam buraxılışı payız aylarına planlaşdırılır.
Qeyd edək ki, ChinaJoy Asiyanın ən böyük rəqəmsal əyləncə sərgilərindən biridir. Bu il tədbir iyulun 31-dən avqustun 3-dək Şanxayda keçirilir və burada dünyanın müxtəlif ölkələrindən 900 şirkət iştirak edir. Rusiyanı sərgidə VK, RuStore, Yandex Ads və Moskva Şəhər Mədəniyyət Departamentinin Kreativ Sənayelər Agentliyi də təmsil edir.
10:09 03.08.2026
Oxunuş sayı: 66