Kubada yenidən ölkəboyu elektrik kəsildi
Kubanın milli elektroenerji sistemi (SEN) avqustun 2-si axşam saatlarında növbəti dəfə tamamilə sıradan çıxıb və ölkəboyu elektrik enerjisinin verilişi dayanıb.
Crossmedia.az xəbər verir ki, "Kubanın Dövlət Enerji Şirkəti" bu barədə məlumat yayıb.
Şirkətin "Telegram" kanalında yayılan məlumata görə, yerli vaxtla saat 22:43-də (Bakı vaxtı ilə 3 avqust saat 05:43) milli elektroenerji sistemində tam kəsinti baş verib.
Qeyd edək ki, avqustun 1-də də SEN-də qismən nasazlıq yaranmış, nəticədə Kubanın qərb və mərkəzi bölgələrində yerləşən bir sıra əyalətlər elektrik enerjisiz qalmışdı. İyul ayında isə milli elektroenerji sistemi cəmi səkkiz gün ərzində üç dəfə sıradan çıxmışdı.
Kuba hakimiyyəti adadakı enerji böhranının əsas səbəbi kimi ABŞ-nin uzun illərdir tətbiq etdiyi ticarət, iqtisadi və maliyyə blokadasını, həmçinin bu ilin əvvəlindən Vaşinqtonun sərtləşdirdiyi birtərəfli sanksiyaları, o cümlədən yanacaq blokadasını göstərir.
09:44 03.08.2026
Oxunuş sayı: 71