Neftin bahalaşması Azərbaycan iqtisadiyyatına necə təsir edir?
İranın Hörmüz boğazına tam nəzarət etdiyini və icazəsiz keçidlərə imkan verilməyəcəyini bəyan etməsi qlobal enerji bazarlarında narahatlığı artırıb. Dünya neft tədarükünün mühüm hissəsinin keçdiyi bu strateji marşrutda yaranan gərginlik beynəlxalq iqtisadiyyat üçün ciddi risklər yarada bilər.

REAL partiyasının sədri Natiq Cəfərli Crossmedia.az-a açıqlamasında bildirib ki, Hörmüz boğazında yaranan gərginlik yeni deyil və bu proses artıq bir neçə aydır enerji bazarlarına təsir göstərir:
"Hörmüz boğazı ilə bağlı risklər yeni deyil. Bu ilin mart ayından etibarən həmin ərazidə vaxtaşırı gərginlik yaşanır. Boğazın fəaliyyətində yaranan fasilələr və nüvə proqramı ətrafındakı qarşıdurmalar enerji bazarlarında qeyri-müəyyənliyi artırır".
O, qeyd edib ki, regionda gərginliyin artması neftin qiymətinə birbaşa təsir göstərir:
"Qarşılıqlı zərbələr və siyasi gərginlik artdıqca enerji daşıyıcılarının qiyməti də yüksəlir. Son dövrlərdə neftin qiyməti 90 dolları keçib. Halbuki daha riskli mərhələlərdə qiymətlər 120-125 dollara qədər yüksəlmişdi. Hazırkı qiymətlər həmin maksimum səviyyədən xeyli aşağı olsa da, bazarda dəyişkənlik davam edir".
N.Cəfərli vurğulayıb ki, neft bazarında qiymətlərin dalğalanması artıq adi hala çevrilib:
"Neftin qiymətindəki dəyişiklikləri gündəlik deyil, həftəlik, aylıq və rüblük dövrlər üzrə qiymətləndirmək daha məqsədəuyğundur. Gərginlik artdıqca qiymətlər yüksəlir, vəziyyət sabitləşdikcə isə yenidən aşağı düşür".
Müsahibimiz bildirib ki, neft qiymətlərinin yüksəlməsi Azərbaycan iqtisadiyyatına həm müsbət, həm də mənfi təsir göstərir:
"Neftin bahalaşması Azərbaycanın valyuta gəlirlərinin artmasına səbəb olur. Lakin ölkə idxaldan asılı olduğu üçün enerji daşıyıcılarının bahalaşması xaricdən gətirilən məhsulların qiymətini də artırır".
Ekspert əlavə edib ki, bu proses nəticə etibarilə ölkədə inflyasiya təzyiqlərinin güclənməsinə gətirib çıxarır:
"Valyuta daxilolmalarının artması müsbət haldır. Ancaq idxal məhsullarının bahalaşması daxili bazarda qiymət artımını sürətləndirir və inflyasiyanın yüksəlməsinə səbəb olur. Buna görə də yüksək neft qiymətlərinin iqtisadiyyata təsiri yalnız müsbət istiqamətdə qiymətləndirilə bilməz".
Nigar Xəlilli
13:30 31.07.2026
Oxunuş sayı: 63