Azərbaycan və İran avtomobillərin sinxron buraxılmasını müzakirə edib
Azərbaycan və İran praktiki əməkdaşlıq imkanları əsasında nəqliyyat vasitələrinin keçid məntəqələrindən sinxron buraxılması, eləcə də elektron məlumat mübadiləsinin həyata keçirilməsini müzakirə edib.
Crossmedia.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bununla bağlı müzakirələr İranın Biləsuvar şəhərində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırovun və İranın iqtisadiyyat və maliyyə nazirinin müavini, bu ölkənin Gömrük Administrasiyasının rəhbəri Forod Asqarinin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüşdə aparılıb.
Məlumata əsasən, görüş zamanı operativlik və gələcək əməkdaşlığın əlaqələndirilmiş şəkildə inkişaf etdirilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb. Tranzit prosedurları, o cümlədən, Azərbaycandan İran ərazisi ilə Naxçıvan Muxtar Respublikasına və əks istiqamətdə hərəkət edən yük nəqliyyat vasitələrinin sürətli keçidi məqsədilə hərəkət intensivliyinə dəstək göstərilməsi məsələləri müzakirə edilib və istiqamətlər müəyyən olunub. Tədbirin sonunda görüşün protokolu imzalanıb.
Görüşdən sonra Azərbaycan nümayəndə heyəti İran ərazisindəki Biləsuvar gömrük postunun, İran nümayəndə heyəti isə Azərbaycandakı Biləsuvar dövlət sərhədindən buraxılış məntəqəsinin fəaliyyəti ilə tanış olublar.
17:58 30.07.2026
Oxunuş sayı: 35