Fransanın Azərbaycandakı casusluq fəaliyyəti iflasa uğradı
Azərbaycan-Fransa münasibətlərində son illərdə yaranan siyasi gərginlik fonunda daha bir diqqətçəkən hadisə gündəmə gəlib. Xəbər verdiyimiz kimi dünən Fransaya casusluqda ittiham olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədli barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə çıxarılan hökmdən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Qərara əsasən, müdafiə tərəfinin verdiyi şikayət təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.
Fransaya casusluqda ittiham olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədli ilə bağlı məhkəmə qərarının qüvvədə saxlanılması yalnız hüquqi deyil, həm də siyasi aspektləri ilə müzakirə olunur. Bu proses xarici xüsusi xidmət orqanlarının regiondakı fəaliyyətləri, dövlət təhlükəsizliyi və Bakı–Paris münasibətlərinin gələcək istiqaməti baxımından mühüm suallar yaradır.

Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Yusif Bağırzadə bildirib ki, Martin Ryan və Azad Məmmədli ilə bağlı məhkəmə hökmünün apellyasiya instansiyası tərəfindən qüvvədə saxlanılması hər şeydən əvvəl hüquqi prosesin növbəti mərhələsi kimi qiymətləndirilməlidir:
"Eyni zamanda, işin xarici xüsusi xidmət orqanları ilə əlaqəli casusluq iddiaları fonunda ictimai rezonans doğurması onun siyasi və təhlükəsizlik aspektlərinin də müzakirə edilməsinə səbəb olur. Hər kəsə məlumdur ki, Azərbaycan son illərdə milli təhlükəsizlik sisteminin gücləndirilməsi, xarici müdaxilə risklərinin minimuma endirilməsi və dövlət sirrinin qorunması istiqamətində institusional mexanizmləri təkmilləşdirilməsi ilə bağlı xeyli işlr görüb. Dövlət Təhlükəsizliyi Xidmətinin araşdırmaları əsasında irəli sürülən ittihamlar və məhkəmə prosesləri də bu siyasətin hüquqi müstəvidə həyata keçirilməsinin tərkib hissəsidir. Bu baxımdan hökmün qüvvədə saxlanılması dövlətin milli təhlükəsizliklə bağlı məsələlərdə prinsipial mövqe nümayiş etdirmək niyyətini əks etdirən addım kimi qəbul olunmalıdır".
Siyasi şərhçi qeyd edib ki, ümumiyyətlə Fransanın xüsusi xidmət orqanları ilə bağlı səsləndirilən casusluq iddiaları iki ölkə arasında onsuz da mürəkkəb olan siyasi münasibətlər fonunda diqqət cəlb edir.
"Son illərdə Bakı və Paris arasında regional proseslər, xüsusilə Cənubi Qafqazla bağlı yanaşmalardakı fərqlər diplomatik münasibətlərdə gərginliyin artmasına səbəb olub. Buna baxmayaraq casusluq işi ətrafında qəbul edilən məhkəmə qərarını siyasi qərar olaraq qəbul etmək düzgün olmazdı. Bu, hüquqi xarakter daşıyan məsələdir. Belə ki, beynəlxalq münasibətlər baxımından hər hansı dövlətin xarici xüsusi xidmət orqanlarının fəaliyyəti ilə bağlı ittihamların hüquqi prosedurlar və təqdim olunan sübutlar əsasında qiymətləndirilməsi vacib prinsip hesab olunur və Azərbaycan da məhkəmə araşdırmasında məhz beynəlxaql hüquqdan irəli gələn norma və pronsipləri əsas götürüb. Odur ki, bu prosses əslində Azərbaycanın milli təhlükəsizlik orqanlarının xarici kəşfiyyat fəaliyyətinə qarşı əks-kəşfiyyat imkanlarının gücləndirilməsi istiqamətində fəaliyyətini nümayiş etdirən nümunə kimi qiymətləndirilməlidir. Hər nə qədər bu qərar, yəni məhkəmə hökmünün dəyişdirilmədən saxlanılması Bakının Parisə ünvanladığı mesaj kimi təqdim olunmağa çalışılsa da, hüquqi baxımdan bu qərar konkret cinayət işi üzrə məhkəmənin gəldiyi nəticəni əks etdirir".
Politoloq vurğulayıb ki, bunun siyasi münasibətlərə təsiri isə daha çox tərəflərin sonrakı diplomatik davranışından, dialoq imkanlarından və qarşılıqlı etimadın bərpası istiqamətində atılacaq addımlardan asılı olacaq.
Məhəbbət Tərlanoğlu
18:00 30.07.2026
Oxunuş sayı: 63