İsrail Türkiyəni hədələdi: Yeni müharibə başlayacaq?
Yaxın Şərqdə geosiyasi rəqabət fonunda Suriya yenidən regional güclərin qarşıdurma məkanına çevrilir. İsrail və Türkiyə arasında Suriyadakı hərbi mövcudluqla bağlı qarşılıqlı bəyanatlar bölgədə gərginliyin daha da arta biləcəyi ilə bağlı narahatlıqları gücləndirir. Bu fonda tərəflərin mümkün addımları regionun təhlükəsizlik mühitinə təsir göstərə biləcək əsas amillərdən biri kimi qiymətləndirilir.

Politoloq Rəşad Bayramov Crossmedia.az-a açıqlamasında bildirib ki, İsrailin Türkiyəyə münasibətdə sərgilədiyi sərt mövqe artıq Ankaranın demək olar ki, hər bir regional təşəbbüsünü təhlükə kimi qiymətləndirdiyini göstərir:
"Türkiyənin F-35 proqramına qayıtması ehtimalına sərt reaksiya verən İsrail indi də Ankaranın Suriya siyasətinə oxşar münasibət nümayiş etdirir. Bu isə iki ölkə arasında fikir ayrılıqlarının yeni mərhələyə keçdiyini göstərir. Burada söhbət təkcə Suriyada mümkün hərbi bazanın yaradılmasından getmir, məsələ daha geniş geosiyasi rəqabət kontekstində qiymətləndirilməlidir".
Ekspert qeyd edib ki, Suriyada vətəndaş müharibəsinin aktiv mərhələsi başa çatsa da, ölkənin gələcək siyasi nizamı uğrunda mübarizə davam edir:
"Suriyanın gələcək siyasi quruluşu, təhlükəsizlik sistemi və xarici güclərin təsir imkanları uğrunda rəqabət hələ də davam edir. Ankara ilə Təl-Əvivin qarşılıqlı bəyanatları həm regional aktorlara, həm də beynəlxalq tərəfdaşlara ünvanlanan strateji mesajlar kimi qiymətləndirilə bilər".
R.Bayramov vurğulayıb ki, Türkiyə Suriyanın şimalındakı hərbi mövcudluğunu milli təhlükəsizliyinin ayrılmaz hissəsi hesab edir:
"Ankara PKK-nın Suriya qolu olan silahlı qrupların sərhədləri yaxınlığında möhkəmlənməsini birbaşa təhlükə sayır. Eyni zamanda Türkiyə Suriyanın gələcək siyasi nizamında söz sahibi olmaq və qaçqın probleminin idarə olunması baxımından da bölgədə təsir imkanlarını qorumağa çalışır. Bu səbəbdən hərbi infrastrukturun gücləndirilməsi Ankaranın uzunmüddətli regional strategiyasının tərkib hissəsidir".
Politoloq bildirib ki, İsrail isə Suriyaya tamamilə fərqli təhlükəsizlik prizmasından yanaşır:
"Təl-Əviv Suriyada yeni və güclü xarici hərbi aktorların uzunmüddətli mövcudluğunu qəbul etmək istəmir. İsrail hesab edir ki, Türkiyənin hərbi infrastrukturunu genişləndirməsi regiondakı qüvvələr balansını dəyişə bilər. Buna görə də sərt bəyanatlar yalnız konkret hərbi baza ilə bağlı deyil, Suriyanın gələcək geosiyasi arxitekturasına dair narahatlığın ifadəsidir".
Ekspert əlavə edib ki, mövcud şəraitdə tərəflər arasında birbaşa hərbi qarşıdurma ehtimalı yüksək görünmür:
"Həm Türkiyə, həm də İsrail açıq qarşıdurmanın siyasi, iqtisadi və təhlükəsizlik baxımından ağır nəticələr doğuracağını anlayır. Türkiyənin NATO üzvü olması və ABŞ-in hər iki ölkə ilə strateji münasibətlər saxlaması da gərginliyin nəzarətdən çıxmasının qarşısını alan əsas amillərdəndir. Bununla yanaşı, qarşılıqlı etimadın zəifləməsi təsadüfi insidentlərin başvermə riskini artırır ki, bu da diplomatik münasibətlərin daha da pisləşməsinə, təhlükəsizlik dialoqunun zəifləməsinə və regionda yeni geosiyasi bloklaşmaların sürətlənməsinə səbəb ola bilər".
R.Bayramov sonda qeyd edib ki, İsrailin Türkiyənin Suriyada hərbi baza yaratmaq planlarına sərt reaksiyası iki ölkə arasında strateji etimad böhranının dərinləşdiyini göstərir:
"Mövcud mərhələdə bu bəyanatları daha çox qarşılıqlı çəkindirmə siyasətinin və siyasi mesajlaşmanın tərkib hissəsi kimi qiymətləndirmək daha doğru olar".
Nigar Xəlilli
15:00 29.07.2026
Oxunuş sayı: 51