Yəməndə husi hədəflərinə zərbələr endirilib
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya cümə günü Yəmənin Hudeydə şəhərində husilərə məxsus hərbi obyektlərə hava zərbələri endirdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, "Reuters" bu barədə məlumat yayıb.
Koalisiyanın məlumatına görə, hədəfə alınan obyektlər Səudiyyə Ərəbistanına məxsus gəmilərə hücumlarla əlaqəli olub.
Husilərə yaxınlığı ilə tanınan "Al-Masirah" telekanalı isə zərbələrin telekommunikasiya korporasiyasına məxsus obyektlərə endirildiyini bildirib. "Al Jazeera" təhlükəsizlik mənbələrinə istinadən hücumları təsdiqləyib. Yəmənin "Saba" agentliyi isə zərbələrin Hudeydə limanı və Qırmızı dənizin qərb sahillərində yerləşən Kamaran adasını hədəf aldığını yazıb.
Yəmənin Müdafiə Nazirliyindəki mənbənin sözlərinə görə, ölkənin hava hücumundan müdafiə sistemləri bir neçə Səudiyyə hərbi təyyarəsini Yəmən hava məkanını tərk etməyə məcbur edib.
Yəmənin Xarici İşlər Nazirliyi hücumu pisləyərək koalisiyanın "bahalı başa gələcək ciddi səhvə yol verdiyini" bəyan edib.
Daha sonra koalisiya Hudeydə limanına zərbə endirilmədiyini açıqlayıb və vilayətdəki bütün dəniz limanlarının fəaliyyətini davam etdirdiyini bildirib.
11:11 25.07.2026
Oxunuş sayı: 58