Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Beynəlxalq fond bazarlarında həftənin son ticarət sessiyasında qarışıq dinamika qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, ABŞ və Avropa bazarlarında əsasən yüksəliş müşahidə olunsa da, Asiya bazarlarının əksəriyyətində eniş üstünlük təşkil edib.
ABŞ-da “Dow Jones” indeksi 0,47% artaraq 45 010,29 bəndə, S&P 500 0,07% yüksələrək 6 363,35 bəndə çatıb. Texnologiya şirkətlərinin üstünlük təşkil etdiyi “Nasdaq Composite” isə 0,14% azalaraq 21 020,02 bəndə enib.
Avropa bazarlarında da müsbət dinamika davam edib. Belə ki, FTSE 100 0,85% artaraq 9 138,37 bəndə, “DAX” 0,24% yüksələrək 24 295,93 bəndə, CAC 40 isə 0,21% bahalaşaraq 7 902,25 bəndə çatıb.
Asiya-Sakit okean regionunda isə əsas indekslərin əksəriyyəti mənfi zonada ticarət olunub. Yaponiyanın Nikkei 225 indeksi 0,88%, “TOPIX” 0,85%, Cənubi Koreyanın KOSPI 0,18%, Honq Konqun Hang Seng indeksi isə 1,10% geriləyib. Bununla yanaşı, Çinin “Shanghai Composite” indeksi 0,49%, Avstraliyanın “S&P/ASX” 200 indeksi isə 0,06% yüksəlib.
Analitiklərin fikrincə, bazarlardakı qarışıq dinamika investorların ABŞ şirkətlərinin maliyyə hesabatlarını qiymətləndirməsi, ABŞ-ın ticarət siyasəti ilə bağlı qeyri-müəyyənlik və qlobal iqtisadi artım perspektivlərinə dair ehtiyatlı mövqeyi ilə əlaqədardır.
09:06 25.07.2026
Oxunuş sayı: 61