Qərb ölkələri “cəhənnəmə” çevrilib: Azərbaycanı nə gözləyir?
Son dövrlərdə Avropada müşahidə edilən anomal istilər yalnız temperatur rekordları ilə deyil, eyni zamanda insan səhhətinə yetirdiyi ciddi fəsadlar və xüsusilə həssas qruplar arasında qeydə alınan ölüm halları ilə diqqət mərkəzindədir. Qitənin mərkəzində havanın normadan kəskin yüksəlməsi və rütubətliyin artması əhalinin yaşam keyfiyyətinə birbaşa mənfi təsir göstərir. İstinin bu dərəcədə intensivləşməsi və coğrafi baxımdan geniş əraziləri əhatə etməsi originates isə region üzərində formalaşan mürəkkəb barik sistemlərin yerdəyişməsi ilə bağlıdır.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun Baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Həsən Nəbiyev baş verənlər barədə Crossmedia.az-a danışıb: "Avropada temperaturun yüksək qiymətlərə çatması və cənub ölkələrində yağıntıların azalması region üzərində barik sistemlərin yerləşməsi ilə müəyyən edilir. Mərkəzi və Şərqi Avropa üzərində aşağı təzyiq sahəsinin, yəni siklonik hava şəraitinin mövcud olması, Afrikanın şimal hissəsində subtropik yüksək təzyiq sahəsinin bərqərar olması və təzyiq qradiyentinin şimala doğru yönəlməsi nəticəsində şimali Afrika subtropik antisiklonu və onun yüksək təzyiq qolları Cənubi Avropanı əhatə edir. Cənub-Qərbi Asiyadan isə Şimali Qafqazdan keçməklə Rusiyanın Avropa hissəsinin şimalına qədər uzanaraq temperaturun artmasına gətirib çıxarır".
Ekspert qeyd edib ki, bu vəziyyət həmişə baş verən hadisələrdəndir: “2021-ci ilin yayı da Avropada bu cür istilərlə yadda qaldı. Uzun müddət Skandinaviya yarımadasının şimalına qədər uzanan ərazilərdə temperaturun yüksək olaraq qalması Şimal Buzlu okeanında buzların sürətlə əriməsinə, həddindən artıq rütubətlənən siklonların yaranmasına və onların cənuba doğru hərəkət edərək böyük fəsadlar törətməsinə gətirib çıxardı. Yay həm Cənubi Avropada, həm də bizim ölkədə həmişə isti və quru keçir. Çünki bu ərazilərdə yayda subtropik hava kütlələri hakim olur. Cənubda yaşayan əhali üçün burada nə isə yoxdur. Amma Mərkəzi Avropa ölkələrində temperaturun yüksəlməsi və rütubətliyin çox olması insanların səhhətinə mənfi təsir göstərir".
Turqut Ansari
12:00 23.07.2026
Oxunuş sayı: 71