Azərbaycan–Rusiya iqtisadi əlaqələrinin gələcəyi sentyabr görüşündə müzakirə olunacaq
Azərbaycan və Rusiyanın baş nazirlərinin müavinləri Şahin Mustafayev və Aleksey Overçukun sentyabr ayında keçiriləcək görüşü iki ölkə arasında iqtisadi əməkdaşlığın gələcək perspektivləri baxımından diqqət mərkəzindədir. Son dövrlərdə siyasi münasibətlərdə müəyyən gərginlik müşahidə olunsa da, iqtisadi əlaqələrin qorunub saxlanılması və qarşılıqlı maraq doğuran layihələrin davam etdirilməsi hər iki tərəf üçün aktual olaraq qalır. Görüşdə ticarət dövriyyəsinin artırılması, nəqliyyat-logistika əməkdaşlığı, investisiya layihələri və regional iqtisadi təşəbbüslərin müzakirə ediləcəyi gözlənilir.
Milli Məclisin
deputatı Vüqar Bayramov məsələ ilə bağlı Crossmedia.az-a açıqlamasında qeyd
edib ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir: “Nəzərə
alsaq ki, Rusiya Azərbaycanın ilk üç ticarət tərəfdaşından biri olaraq qalır,
son dövrlərdə Rusiya–Azərbaycan arasında iqtisadi əlaqələrdə müəyyən zəifləmələr
müşahidə olunurdu. Bu da təbii ki, ikitərəfli iqtisadi münasibətlərə öz təsirini
göstərirdi. Lakin artıq planlaşdırılan görüş iki ölkə arasında iqtisadi əlaqələrin
davamlı inkişafının bərpası baxımından mühüm əhəmiyyət daşıyan görüş kimi qiymətləndirilə
bilər. Nəzərə alsaq ki, Azərbaycan və Rusiya qonşu dövlətlərdir, ümumilikdə Azərbaycanın
xarici siyasətinin əsas istiqamətlərindən biri də region ölkələri ilə əməkdaşlığın
gücləndirilməsidir. Azərbaycan sülh gündəliyinə sadiq qalaraq Ermənistanla da
ticarət əlaqələrini, o cümlədən yanacaq ixracı istiqamətində bərpa edib. Bu da
Azərbaycanın regionun inkişafı və iqtisadi inteqrasiyası ilə bağlı nümayiş
etdirdiyi siyasi iradəni bir daha təsdiq edir”.

Deputat qeyd
edib ki, bu baxımdan, Azərbaycan Rusiya ilə də əməkdaşlıq və mehriban qonşuluq
siyasətini davam etdirmək niyyətindədir: “Bu kontekstdə keçiriləcək görüşdə əsas
diqqətin iqtisadi məsələlərə, xüsusilə də iqtisadi əlaqələrin inkişafı istiqamətində
atılacaq addımlara yönələcəyi gözlənilir. Bu müzakirələrin iki ölkə arasında
münasibətlərin inkişafına müsbət təsir göstərəcəyi ehtimal olunur”.
Ayhan
18:00 18.07.2026
Oxunuş sayı: 59