Valideynlərin diqqətinə - uşağınızda bu əlamətlər autizm səbəbidir
Azərbaycanda autizm spektr pozuntusu diaqnozu qoyulan şəxslərin sayı son beş ildə əhəmiyyətli dərəcədə artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021–2025-ci illər ərzində ümumilikdə 13 min 676 nəfərə autizm sindromu diaqnozu qoyulub. Bu müddətdə uşaq autizmi diaqnozu ilə qeydiyyatda olanların sayı 1624 nəfərdən 3533 nəfərə yüksələrək iki dəfədən çox artıb. Statistikadakı bu artım cəmiyyətdə “autizm hallarının həqiqətən artdığı, yoxsa diaqnostika və aşkarlanma imkanlarının genişləndiyi” sualını gündəmə gətirib. Bəs autizmli uşaqların sayının artmasına səbəb nədir?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Pediatr-infeksionist Aytən Ziyadova qeyd edib ki, bu gün autizm haqqında cəmiyyətdə çoxlu suallar və bəzən yanlış məlumatlar mövcuddur: “Qeyd etmək istəyirəm ki, autizm uşağın tərbiyəsi, valideyn sevgisinin azlığı və ya peyvəndlər nəticəsində yaranan bir vəziyyət deyil. Müasir tibb autizmi neyroinkişaf xüsusiyyəti kimi qəbul edir. Yəni uşağın beyninin inkişafı və məlumatları qəbul etmə, emal etmə xüsusiyyətləri fərqli ola bilər. Elmi araşdırmalar göstərir ki, autizmin bir dənə səbəbi yoxdur. Bu, genetik meyillilik və erkən inkişaf dövründə təsir edə bilən bioloji faktorların qarşılıqlı təsiri nəticəsində yaranan mürəkkəb vəziyyətdir. Ən güclü sübutlara malik faktor genetik təsirdir. Autizmlə əlaqəli çoxsaylı genetik dəyişikliklər müəyyən olunub. Bu dəyişikliklər beynin inkişafında, sinir hüceyrələri arasındakı əlaqələrin formalaşmasında rol oynaya bilər. Lakin burada vacib məqam budur ki, autizm yalnız bir genlə izah edilmir və valideynin etdiyi hər hansı bir səhv bunun səbəbi deyil. Hamiləlik dövründə bəzi bioloji faktorların da riskə təsir göstərə biləcəyi məlumdur. Məsələn, ağır infeksiyalar, uzunmüddətli yüksək hərarətlə gedən xəstəliklər, vaxtından əvvəl doğuş, aşağı doğum çəkisi və bəzi doğuş ağırlaşmaları araşdırmalarda risk faktorları kimi göstərilir. Amma bu faktorların olması uşağın mütləq autizmli olacağı demək deyil. Bunlar yalnız ehtimalı dəyişə bilən amillərdir”.

Ekspert bəzən valideynlərin
“autizmin qarşısını almaq mümkündür?” sualına cavab olaraq bildirib ki, hazırda elmi olaraq autizmi tam önləyən bir
üsul yoxdur: “Çünki bu, beynin inkişaf xüsusiyyətidir. Amma hər bir hamilə
qadın sağlam hamiləlik üçün vacib addımlara əməl etməlidir: vaxtında həkim
müayinələri, infeksiyalardan qorunma, fol turşusunun həkim tövsiyəsinə uyğun qəbulu,
siqaret və alkoqoldan uzaq durmaq və dərmanları yalnız həkim məsləhəti ilə
istifadə etmək. Xüsusilə vurğulamaq istəyirəm ki, peyvəndlər və autizm arasında
əlaqə yoxdur. Bu məsələ dünyada ən çox araşdırılan mövzulardan biridir.
Milyonlarla uşağın iştirak etdiyi böyük elmi tədqiqatlar göstərib ki, MMR
(qızılca, məxmərək, parotit) daxil olmaqla peyvəndlər autizm riskini artırmır.
Əksinə, peyvəndlər uşaqları ağır infeksion xəstəliklərdən qoruyur. Pediatr-infeksionist
kimi mənim üçün ən vacib mesajlardan biri budur: autizmdə əsas məsələ qarşısını
almaq deyil, erkən tanımaqdır. Uşağın həyatının ilk illəri beynin inkişafı üçün
ən mühüm dövrdür. Xüsusilə 1–3 yaş aralığında erkən qiymətləndirmə və müdaxilə
uşağın dil, sosial ünsiyyət və öyrənmə bacarıqlarının inkişafına böyük təsir
göstərə bilər. Valideynlər buəlamətlərə diqqət etməlidirlər: uşağın adına
reaksiya verməməsi, göz kontaktının az olması, işarə etmə və jestlərdən az
istifadə etməsi, nitqin gecikməsi, sosial oyunlara marağın zəif olması, təkrarlanan
hərəkətlər və davranışlar. Belə əlamətlər olduqda “gözləyək, özü düzələr”
yanaşması düzgün deyil. Erkən pediatr qiymətləndirməsi, inkişaf mütəxəssisləri
ilə əməkdaşlıq və uyğun terapiyalar uşağın potensialını daha yaxşı inkişaf
etdirməyə kömək edir. Sonda qeyd etmək istəyirəm: autizm ailənin günahı deyil,
peyvəndin nəticəsi deyil və uşağın gələcəyinə maneə kimi qəbul edilməməlidir.
Elmə əsaslanan yanaşma – erkən tanı, düzgün dəstək və uşağın fərdi xüsusiyyətlərinə
uyğun inkişaf proqramıdır”.
Ayhan
17:00 16.07.2026
Oxunuş sayı: 64