Julian Leeser: İrandakı etnik icmaların hüquqları diqqətə layiq məsələdir
Avstraliya Azərbaycan Assosiasiyasının sədri Mikayıl Oyta Güney Azərbaycan məsələsi, İranda yaşayan xalqların milli, dil və insan hüquqları ilə bağlı Avstraliya Federal Parlamentinin üzvü Julian Leeserə ünvanladığı müraciət cavablandırılıb.
Crossmedia.az xəbər verir ki, Julian Leeser cavab məktubunda müraciətə görə təşəkkürünü bildirərək, qaldırılan məsələlərin diqqətlə nəzərdən keçirildiyini qeyd edib. O vurğulayıb ki, İranın əhali müxtəlifliyi və ölkədə yaşayan müxtəlif etnik və dil icmalarının hüquqları diqqətə layiq məsələlərdir.
Məktubda həmçinin qeyd olunub ki, Avstraliya Koalisiyası İran İslam Respublikasında insan hüquqlarının pozulmasına qarşı mövqeyini ardıcıl şəkildə ifadə edib və İran xalqına qarşı həyata keçirilən siyasəti pisləyib.
Julian Leeser bildirib ki, müraciətdə əks olunan fikir və narahatlıqlar Koalisiyanın bu məsələlərlə bağlı gələcək fəaliyyət və müzakirələrində nəzərə alınacaq.
Avstraliya Azərbaycan Assosiasiyasının məlumatına görə, cavab məktubu Güney Azərbaycan türklərinin dil, mədəniyyət və insan hüquqları ilə bağlı narahatlıqlarının Avstraliya siyasi dairələrinin diqqətinə çatdırıldığını və bu məsələlərin beynəlxalq insan hüquqları müzakirələrinin tərkib hissəsi kimi nəzərdən keçirildiyini göstərir.

14:20 13.07.2026
Oxunuş sayı: 59