Prezident: Tramp administrasiyası ilə Azərbaycan arasında münasibətlər əladır
Tramp administrasiyası ilə Azərbaycan arasında münasibətlər əladır.
Crossmedia.az xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.
“Biz çox məmnunuq ki, bu münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Ötən ilin avqustunda Vaşinqtonda Prezident Tramp ilə tarixi görüşüm, bu ilin yanvarında Davosda keçirdiyimiz görüş, Prezident Trampın təşəbbüsü ilə yaradılmış Sülh Şurasının təsisçi üzvlərindən biri olmaq üçün Azərbaycanın dəvət edilməsi, vitse-prezident Cey Di Vensin Azərbaycana səfəri, Bakıda onunla strateji tərəfdaşlığın yaradılmasına dair Birgə Bəyannamənin imzalanması və digər hadisələr münasibətlərimizin tarixdə görünməmiş səviyyəyə yüksəldiyini göstərir.
Hazırda biz Strateji Tərəfdaşlıq Bəyannaməsinin bütün müddəalarının icrası istiqamətində fəal işləyirik. Bu məqsədlə yaradılmış işçi qrupları ticarət və investisiyalar, rəqəmsal transformasiya və süni intellekt, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları, müdafiə və silah satışları sahələrində çox fəal fəaliyyət göstərirlər”, - dövlət başçısı qeyd edib.
Prezident İlham Əliyev vurğulayıb ki, ABŞ Azərbaycana silah satışına tətbiq edilən bütün məhdudiyyətləri aradan qaldırıb: “Bundan dərhal sonra Böyük Britaniya və Avropa İttifaqına üzv ölkələr də eyni addımı atdılar. Düşünürəm ki, bütün bunlar ikitərəfli münasibətlərimizin ruhunu, mahiyyətini və gələcək potensialını çox aydın şəkildə nümayiş etdirir”.
09:56 13.07.2026
Oxunuş sayı: 59