Abituriyentlərin nəzərinə - Keçid balları qalxacaq
Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının ən gərgin və həlledici mərhələsi artıq yekunlaşmaq üzrədir. İyulun 12-də keçiriləcək I və IV ixtisas qruplarının növbəti imtahanları ilə builki böyük marafon tam başa çatacaq. İndi bütün diqqətlər abituriyentlərin topladıqları ballara və ən əsası, universitetlərin keçid ballarının necə dəyişəcəyinə yönəlib. Builki buraxılış imtahanlarının nəticələri ilə blok imtahanlarındakı göstəricilər arasında fərqlər, həmçinin bəzi qruplarda plan yerləri ilə müqayisədə abituriyent sayının həddindən artıq çox olması ciddi rəqabətdən xəbər verir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi, hansı qruplarda balların artacağını və hansı ixtisaslarda gərgin rəqabətin yaşanacağını belə şərh edib: "12 iyul tarixində birinci və dördüncü qrupların imtahanlarının da keçirilməsi ilə artıq qəbul mərhələsinin başa çatdığını hesab etmək olar. Mövcud vəziyyəti təhlil etsək, builki buraxılış imtahanlarının nəticələri ötən illə müqayisədə bir qədər aşağı olsa da, çox kəskin bir fərq yoxdur. Lakin abituriyentlər blok imtahanlarında demək olar ki, daha uğurlu nəticələr göstəriblər. Bu uğurlu göstəricilər ötən illə müqayisədə ixtisasların keçid ballarına birbaşa təsir göstərəcək. Onu da qeyd edim ki, bu il müsabiqəyə qatılan abituriyentlərin sayı xüsusilə birinci və ikinci ixtisas qruplarında daha çoxdur. Üçüncü və dördüncü qruplarda isə abituriyent sayı təxminən ötən ilki səviyyədədir. Buna baxmayaraq, bütün ixtisas qruplarında müsabiqəyə qatılanların sayı mövcud plan yerlərindən həddindən artıq çoxdur və bu, qarşıda bizi olduqca gərgin bir rəqabətin gözlədiyini göstərir".

E.Əfəndiyev qruplar və konkret ixtisaslar üzrə gözlənilən bal dəyişikliklərinə də toxunub: "Bu gərgin rəqabət bəzi qruplarda balların artımına gətirib çıxaracaq. Konkret ixtisaslar üzrə götürsək, I qrupda əsasən ən çox tələbat olan "Kompüter elmləri", "İnformasiya texnologiyaları", eləcə də Neft-qaz, kimya və qida mühəndisliyi kimi ixtisaslarda keçid ballarının artacağı gözlənilir. II qrupda "Maliyyə", "Beynəlxalq ticarət və logistika", "Biznesin idarə olunması" kimi iqtisadi yönümlü ixtisaslarda, III qrupda isə "Hüquq", "Dövlət və ictimai münasibətlər", fəlsəfə və tərcümə yönümlü sahələrdə ballarda artım qaçılmazdır. IV ixtisas qrupunda əsasən "Tibb" və səhiyyə yönümlü sahələrlə yanaşı, "Biotexnologiya "və "Psixologiya "ixtisaslarında da keçid ballarında müəyyən artım tərəfə dəyişikliklər yaşanacağı proqnozlaşdırılır. Yalnız V ixtisas qrupunda qəbul birbaşa buraxılış imtahanının nəticələri əsasında aparıldığı üçün və bu il buraxılış göstəriciləri bir qədər aşağı olduğundan, burada ballarda müəyyən qədər enmə yaşanacaq".
Fatimə Cabbarlı
20:00 10.07.2026
Oxunuş sayı: 58