Yollar bir tərəfdən salınır, bir tərəfdən dağılır- Məsul şəxslər arasında koordinasiya yoxdur?
Paytaxtda yolların tez-tez təmir olunması artıq ciddi müzakirə mövzusuna çevrilib. Bir tərəfdə yeni asfalt örtüyü çəkildiyi halda, digər tərəfdə həmin yollar qısa müddət sonra müxtəlif kommunikasiya xətlərinin yenilənməsi üçün yenidən qazılır. Bu vəziyyət həm dövlət vəsaitinin səmərəsiz xərclənməsi, həm də sürücülər və piyadalar üçün əlavə çətinliklər yaradır. Mütəxəssislər hesab edirlər ki, problemin əsas səbəbi aidiyyəti qurumlar arasında koordinasiyanın yetərli olmamasıdır. Nəticədə eyni yol dəfələrlə təmir olunur və şəhər nəqliyyatında uzunmüddətli narahatlıq yaranır. Bəs bu problemin arxasında hansı səbəblər dayanır və çıxış yolu nədir?

Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən REAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib ki, eyni yolun bir neçə dəfə təmir olunması mərkəzləşdirilmiş koordinasiya sisteminin olmamasından xəbər verir:
"Təmirdən sonra məlum olur ki, orada kanalizasiya xətləri yaxud su xətləri dəyişdirilməlidir. Nəticədə yol yenidən qazılır və təmir olunur. Bu, ondan xəbər verir ki, mərkəzləşdirilmiş, koordinasiya olunmuş idarəetmə forması yoxdur. Bakı şəhərinin bir mərkəzdən idarə olunması sistemini nəzərdə tutsaq, görərik ki, hər bir dövlət qurumunun ayrı planı var. Biri planlaşdırır ki, iyul ayında yolu təmir etməlidir, digəri isə avqust ayında boru xətlərini dəyişməyi planlaşdırır. Bu koordinasiya yoxdur və məsələlər bir mərkəzdən idarə olunmadığı üçün belə mənzərənin şahidi oluruq".
N. Cəfərli sonda əlavə edib ki, sözügedən məsələ iqtisadi baxımdan itkidir. Bunun yeganə çıxış yolu böyük şəhər bələdiyyəsinin yaradılması və şəhər təsərrüfatının bir mərkəzdən idarə olunmasıdır.

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayevin sözlərinə görə isə yolların tez dağılması bütün yollara aid deyil:
"Yolların dağılmasının əsas səbəbi yeraltı kommunikasiyalardır. Hər birimiz şahidik ki, yol tikilir, asfaltlanır, daha sonra "Azəriqaz", "Azərişıq" qazıntı işləri aparır və bundan sonra qazılan hissələr qaydalara uyğun şəkildə bərpa edilmir. Bu isə yolun dağılmasının əsas səbəblərindən biridir. Bundan əlavə, tikinti zamanı texnoloji proseslərə əməl edilməməsi, material keyfiyyətli olsa belə, texnoloji ardıcıllığa və materialların nəmliyinə diqqət yetirilməməsi də digər səbəblərdəndir".
Fatimə Məmmədova
15:30 10.07.2026
Oxunuş sayı: 202