Paşinyan ilin sonuna qədər verdiyi vədləri yerinə yetirməlidir
Sülh sazişinin paraflanması və Ermənistanda parlament seçkilərinin başa çatması ilə Bakı ilə İrəvan arasında normallaşma prosesində yeni mərhələ başlayıb. Artıq əsas müzakirə mövzusu Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların dəyişdirilməsidir. Bununla belə, Nikol Paşinyanın parlamentdə konstitusiya dəyişikliyi üçün zəruri səs çoxluğuna malik olmaması prosesin nə dərəcədə sürətlə irəliləyəcəyi ilə bağlı suallar yaradır. Bəzi ekspertlər isə hesab edir ki, İrəvan bu məsələni qəsdən uzadır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Tofiq Abbasov qeyd edib ki, Ermənistanın siyasi rəhbərliyi bu prosesdə ləng davranır və prosesi süni şəkildə uzadır: “Bu, seçkilərdən əvvəl də müşahidə olunan reallıq idi. Həmin dövrdə belə bir bəhanə irəli sürülürdü ki, ölkə mühüm ictimai-siyasi kampaniyaya hazırlaşır, vətəndaşlar səsvermədə iştirak etməlidirlər və s. İndi isə artıq seçkilər başa çatıb, siyasi qüvvələrin nisbəti bəllidir. Düzdür, hakim partiyanın üstünlüyü əvvəlki kimi böyük deyil. Bununla belə, taktiki baxımdan da olsa, qələbə Nikol Paşinyanın tərəfindədir. Artıq o, seçki mərhələsini geridə qoyub və indi üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir və bu ilin sonunadək prosesdə real irəliləyiş nümayiş etdirilməlidir. Buna görə də hesab edirəm ki, Nikol Paşinyan artıq verdiyi sözə əməl etməlidir”.

Politoloq qeyd edib ki, 2025-ci il 8 avqust tarixində Vaşinqtonda paraflanmış sənəd də müəyyən mənada yol xəritəsi rolunu oynadı: “Həmin sənəddə Azərbaycanın üzərinə düşən məsuliyyətlər açıq şəkildə göstərilib. Azərbaycan bu prosesə son dərəcə məsuliyyətlə yanaşır, üzərinə düşən vəzifələri vaxtında yerinə yetirir və hazırlıq səviyyəsi kifayət qədər yüksəkdir. Nikol Paşinyan isə, qənaətimcə, həddindən artıq ehtiyatlı davranır. Əgər o, yenidən müxtəlif bəhanələrlə prosesi pauzaya salmağa çalışsa, artıq aydın görünəcək ki, məsuliyyətdən yayınmağa çalışır. Halbuki ilin sonuna qədər kifayət qədər vaxt var. Yeni parlament fəaliyyətə başlayacaq, yeni kadensiya çərçivəsində Nikol Paşinyan hökumətini formalaşdıracaq. Bundan sonra onun yenidən tərəddüd etməsi və ya prosesi ləngitməsi üçün ciddi əsas qalmayacaq. Düzdür, parlamentdə təmsil olunan Rusiyapərəst qüvvələr müəyyən maneələr yaratmağa, Paşinyanın fəaliyyətini çətinləşdirməyə çalışacaqlar. Amma buna baxmayaraq, hakimiyyət yenə də onun əlindədir. Mandatlarının sayı əvvəlki qədər olmasa da, o, mövcud imkanlardan və siyasi manevr imkanlarından istifadə edərək verdiyi vədləri yerinə yetirməlidir. Üstəlik, bu məsələ təkcə Azərbaycan üçün deyil, bütün region üçün vacibdir. İlk növbədə, Cənubi Qafqaz yeni münaqişələrdən və müharibə riskindən sığortalanmalıdır. Digər tərəfdən isə regionun kommunikasiya imkanları tam şəkildə reallaşdırılmalıdır. Çünki burada çox böyük potensial mövcuddur. Mərkəzi Asiya ilə Cənubi Qafqaz faktiki olaraq vahid geoiqtisadi məkan formalaşdırır. Yaşıl energetika, rəqəmsallaşma, süni intellektin tətbiqi, nəqliyyat və logistika dəhlizlərinin inkişafı istiqamətində geniş layihələr həyata keçirilir. Böyük güclər də bu proseslərdə maraqlıdırlar. Eyni zamanda, tranzit ölkələri olaraq bizim də üzərimizə düşən vəzifələr və gözləntilər var. Ona görə də hesab edirəm ki, Nikol Paşinyan ilin sonuna qədər qarşıdakı vaxtdan səmərəli istifadə etməli və göstərməlidir ki, bu prosesdə səmimidir, həm də verdiyi vədləri yerinə yetirmək iradəsinə malikdir”.
Ayhan
19:50 09.07.2026
Oxunuş sayı: 65