Bu şəxslərə vergi güzəştləri tətbiq ediləcək
Milli Məclisin iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə “Startap” şəhadətnaməsi almış vergi ödəyicilərinə güzəştlər şamil olunacağı öz əksini tapıb.
Layihəyə əsasən, “startap” şəhadətnaməsi almış vergi ödəyicilərinin, sənaye və texnologiya parklarının rezidentlərinə şəhadətnamənin verildiyi ilk 3 (üç) il müddətində vergi yoxlamaları nəticəsində hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları, faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları üzrə ümumi borc məbləği 50000 (əlli min) manatdan çox olmadıqda, həmin borc məbləği üzrə yuxarı vergi orqanına və ya məhkəməyə şikayət verildiyi tarixdən şikayət üzrə qəbul edilən qərarın qanuni qüvvəyə mindiyi tarixədək kredit, elektron pul təşkilatına və ya bank əməliyyatları aparan şəxsə pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulmasına dair sərəncam göndərilmir. Bu maddənin müddəaları riskli vergi ödəyicisi hesab edilən şəxslərə şamil edilməyəcək.
Məsələ ilə bağlı REAL partiyasının sədri, iqtisadçı – ekspert Natiq Cəfərli Crossmedia.az-a açıqlama verib.
"Əlbəttə ki, yeni başlayan layihələr və startaplar üçün, xüsusilə də rəqəmsal sahədə vergi güzəştlərinin edilməsi çox müsbət bir addımdır. Amma düşünürəm ki, bu sahəyə yalnız vergi güzəştləri ilə dəstək olmaq yetərli deyil. Çünki hazırda dünyada bu sferada kifayət qədər ciddi bir rəqabət var. Ona görə də vergi güzəştləri yaxşıdır, olmalıdır və hətta daha da artırılmalıdır.
Lakin bundan əlavə, fərqli dəstək layihələrinə də böyük ehtiyac duyulur. Məsələn, müəyyən dövlət sifarişlərinin startaplara verilməsi və onların uzunmüddətli formada bu sifarişlərlə təmin edilməsi çox vacibdir. Bütün bunlar reallaşarsa, startaplar üçün kifayət qədər ciddi və əhəmiyyətli bir dəstək mexanizmi formalaşa bilər".
Turqut Ansari
14:00 09.07.2026
Oxunuş sayı: 77