KİV: BƏƏ Somalilenddə ABŞ və İsrail üçün hərbi baza tikir
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Somalilendin Berbera şəhəri yaxınlığında ABŞ və İsrailin də istifadə edə biləcəyi hərbi infrastruktur inşa edir.
Crossmedia.az xəbər verir ki, bu barədə Fransanın "Le Monde" qəzeti məlumat yayıb.
Nəşrin iddiasına görə, Berbera hava limanı ərazisində genişmiqyaslı tikinti işləri aparılır. Peyk görüntülərində yeraltı tikililərin inşası da müşahidə olunur. Bildirilir ki, bu obyektlər sursat və yanacaq anbarı kimi istifadə oluna bilər.
"Le Monde" qeyd edir ki, tikintinin intensiv mərhələsi İsrailin 2025-ci ilin dekabrında Somalilendin müstəqilliyini tanıması ilə eyni dövrə təsadüf edib. Nəşrin ehtimalına görə, İsrail Yəmən sahilləri yaxınlığında, husilərin fəaliyyət göstərdiyi Ədən körfəzi ətrafında strateji dayaq məntəqəsi yaratmağa çalışır.
Məlumata görə, tikinti işləri BƏƏ ilə Somalilend arasında 2017-ci ildə imzalanmış saziş əsasında həyata keçirilir. Bununla yanaşı, ABŞ və İsrailin iştirakı ilə üçtərəfli razılaşmanın mövcudluğu rəsmi şəkildə təsdiqlənməyib.
Qəzet vurğulayır ki, Berbera şəhəri Qırmızı dənizə girişdə və Bab əl-Məndəb boğazı yaxınlığında yerləşdiyi üçün mühüm strateji əhəmiyyətə malikdir.
17:44 06.07.2026
Oxunuş sayı: 58