Ukrayna PUA-ları 2700 km məsafədə yerləşən Omsk Neft Emalı Zavodunu vurub
Ukrayna pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Omsk Neft Emalı Zavoduna (AO "Qazpromneft-ONPZ") zərbə endirib.
Crossmedia.az xəbər verir ki, yayılan məlumatlara görə, hücum zamanı uçuş məsafəsi 3400 kilometrə qədər artırılmış FP-1 model PUA-lardan istifadə olunub.
Bildirilir ki, zavod Ukrayna sərhədindən təxminən 2700 kilometr məsafədə yerləşir və indiyədək pilotsuz uçuş aparatları üçün əlçatmaz hesab olunurdu.
İlkin məlumatlara əsasən, zərbə nəticəsində neftin ilkin emalı üçün nəzərdə tutulan ELOU-AVT-11 qurğusunun texnoloji kolonlarına ziyan dəyib.
Omsk Neft Emalı Zavodu Rusiyanın ən iri və ən müasir neft emalı müəssisələrindən biri hesab olunur. Zavodun illik emal gücü 22 milyon tondan çoxdur və burada Avro-5 standartlı avtomobil yanacağı, aviasiya kerosini və dizel yanacağı da daxil olmaqla 50-yə yaxın növ neft məhsulu istehsal edilir.
Müəssisə Qərbi Sibir regionunun yanacaq təminatında mühüm rol oynayır və Rusiyada istehsal olunan hər səkkizinci litr benzinin bu zavodda hazırlandığı bildirilir.
17:03 06.07.2026
Oxunuş sayı: 59