Yasamal rayonunda yaşayış yerində baş vermiş partlayışda xəsarət alanların son durumu açıqlanıb - Sorğu
Bakı şəhəri, Yasamal rayonu, Ümid Ələkbərov küçəsində yerləşən yaşayış evində partlayış hadisəsi nəticəsində xəsarət alanların son durumu açıqlanıb.
Bu barədə Crossmedia.az-ın sorğusuna cavab
olaraq Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi
yardım briqadası cəlb olunub: “Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər
(2 qadın, 1 kişi) termiki yanıq diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində
olan Yanıq Mərkəzinə hospitalizasiya olunub. Zəruri tibbi xidmət göstərilən
pasiyentlərin müalicələri Reanimasiya şöbəsində davam etdirilir, vəziyyətləri
ağır qiymətləndirilir”.
Həmçinin məlumatda bildirib ki, hadisə baş verən ərazidən keçərkən 1 nəfər də (qadın) xəsarət alıb: “Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan pasiyentə zəruri tibbi xidmət göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir, ambulator müalicə üçün evə buraxılması planlaşdırılır”.
Fövqəladə Hallar Nazirliyindən (FHN) isə sorğumuza cavab olaraq bildirib ki, hazırda hadisə ilə bağlı müvafiq dövlət qurumları tərəfindən zəruri araşdırmalar aparılır: “Araşdırmalar çərçivəsində hadisənin baş vermə səbəbləri, bütün halları və təfərrüatları dəqiqləşdirilir. Eyni zamanda, baş vermiş hadisənin səbəblərinin tam və obyektiv şəkildə müəyyənləşdirilməsi istiqamətində müvafiq araşdırma tədbirləri davam etdirilir”.
Ayhan
13:48 04.07.2026
Oxunuş sayı: 63