Korrupsiya İsrail ordusunun büdcəsini tükətdi
İsrail ordusunun təcili maliyyə ayrılmadığı təqdirdə fəaliyyətini davam etdirməkdə çətinlik çəkəcəyinə dair açıqlaması geniş müzakirələrə səbəb olub. Maliyyə vəsaiti tükənmək üzrə olan bir dövlət bir neçə cəbhədə döyüşə bilərmi? Və yaxud Ukraynaya daim dəstək edən və İsrailin münaqişə başlayandan bəri yanında yer alan ABŞ İsrailə yardım etmirmi? Ekspertlər hesab edirlər ki, bu məsələ təkcə maliyyə çatışmazlığı ilə deyil, İsrailin hərbi strategiyası və regiondakı fəaliyyətinin miqyası ilə də bağlıdır.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan politoloq Azad Məsiyev bildirib ki, hər bir dövlət öz təhlükəsizliyini təmin etmək üçün ordusuna vəsait ayırmalıdır. Lakin onun fikrincə, İsrailin ayırdığı böyük hərbi xərclər yalnız müdafiə məqsədi daşımır. Politoloq qeyd edib ki, İsrail qonşu ölkələrdə hərbi əməliyyatlar apardığı üçün ordunun daha çox maliyyə resursuna ehtiyacı yaranır. O əlavə edib ki, orduda və digər dövlət qurumlarında zaman-zaman korrupsiya hallarının müşahidə olunması da ayrılan vəsaitlərin səmərəliliyinə təsir göstərə bilər.

A.Məsiyevin sözlərinə görə, ABŞ-ın siyasi, hərbi və maliyyə dəstəyi olmasaydı, İsrail Yaxın Şərqdə indiki siyasətini həyata keçirə bilməzdi. O hesab edir ki, İsrail ordusunun maliyyələşdirilməsi gələcəkdə də davam edəcək və bu prosesdə ABŞ-la yanaşı, yəhudi lobbisinin dəstəyi mühüm rol oynayacaq. Zaman-zaman İsrail dövləti ordunun güclənməsi üçün vəsaiti tapacaqdır. Çünki İsrailin strateji məqsədi, dediyim kimi, işğalçılıq siyasətidir və özünü müdafiə deyil. Amerika Birləşmiş Ştatları zaman-zaman İsrailə bütün dəstəyini veribdir, yenə də verəcəkdir".
Zeynəb Həsən
11:00 02.07.2026
Oxunuş sayı: 45