AMEA-da Ədəbiyyat İnstitutu əməkdaşlarının elmi fəaliyyəti yeni bal sistemi əsasında qiymətləndirilib
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin genişləndirilmiş iclasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu əməkdaşlarının 2026-cı ilin birinci yarısında həyata keçirdikləri elmi fəaliyyətin bal sistemi əsasında qiymətləndirilməsinə dair hesabatı təqdim olunub.
Hesabatı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər, rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini filologiya elmləri doktoru Mehman Həsənli təqdim edib.
Mehman Həsənli qeyd edib ki, hesabat şöbələr üzrə fərdi hesabat blankı və qovluğu ilə datanın toplanması, həmin datanın analitik qrup tərəfindən yoxlanılması və balların təyini mərhələlərindən keçməklə hazırlanıb.
Diqqətə çatdırıb ki, elmi fəaliyyətin bal sistemi ilə qiymətləndirilməsinin əsasını 4 istiqamət - akademik jurnallarda məqalə nəşri, kitab çapı, beynəlxalq və respublika səviyyəli elmi konfrans materialları, eləcə də elmin populyarlaşmasında iştirak təşkil edir.
Məruzəçinin sözlərinə görə, akademik jurnallarda məqalə çapı “Web of Science” və ya “Scopus” bazasında, digər beynəlxalq bazalarda (“Dergipark”, “Copernicus”, “ERIH Plus” və digər), “Google scholar”da indekslənən, yaxud indekslənməyən xarici jurnallarda və s. məqalə üçün qiymətləndirilib.
Kitab nəşri isə monoqrafiya, tərtib işi, broşür, məqalələr toplusu, tərcümə və s. üzrə dəyərləndirilib.
M.Həsənli vurğulayıb ki, elmi işçilərin beynəlxalq və respublika elmi konfranslarında məruzə materiallarına görə fəaliyyəti qiymətləndirilib.
16:15 30.06.2026
Oxunuş sayı: 54