ABŞ-İran razılaşması Vaşinqtonun mövqeyini zəiflədə bilər
ABŞ-nin İranla əldə etdiyi razılaşma Vaşinqtonun qlobal çəkindiricilik imkanları ilə bağlı suallar yarada bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə The National Interest jurnalında dərc olunan analitik məqalədə qeyd olunub.
Məqalədə ABŞ-nin İrana qarşı hərbi əməliyyatları ilə 1939–1940-cı illərdə baş vermiş SSRİ–Finlandiya Qış Müharibəsi arasında paralellər aparılır. Müəllif hesab edir ki, hətta uğurlu hərbi əməliyyat belə rəqiblərdə böyük dövlətin imkanlarının məhdud olduğu təəssüratı yarada bilər.
Nəşr yazır ki, Vaşinqton və Tehran arasında memorandum imzalandıqdan sonra bəzi analitiklər ABŞ-nin uzunmüddətli eskalasiyadan yayınmaq istəməsinin rəqib dövlətləri daha cəsarətli addımlar atmağa sövq edib-etməyəcəyini müzakirə edirlər.
Məqalədə bildirilir ki, ABŞ hərbi baxımdan üstünlüyünü qorusa da, əsas məhdudiyyətlər siyasi və iqtisadi amillərlə bağlı olub. Müəllif daxili siyasi fikir ayrılıqları, bazarlardakı qeyri-sabitlik və Hörmüz boğazında gəmiçiliyə dair risklərin Vaşinqton üçün ciddi təzyiq yaratdığını vurğulayır.
Eyni zamanda qeyd olunur ki, ABŞ-nin zəiflədiyi qənaətinə gəlmək düzgün olmaz. Bununla belə, Vaşinqtonun rəqibləri münaqişənin nəticələrini ABŞ-ın müttəfiqləri naminə yüksək siyasi və iqtisadi xərc çəkməyə əvvəlki qədər hazır olmamasının göstəricisi kimi qiymətləndirə bilərlər.
09:35 30.06.2026
Oxunuş sayı: 51