Hacı Surxaydan məsciddə çəkilmiş görüntülərlə bağlı açıqlama
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü Hacı Surxay Məmmədlinin məsciddə Mütləq Döyüş Çempionatını (UFC) izləməsini əks etdirən görüntülər yayılıb.
Crossmedia.az xəbər verir ki, həmin video sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Görüntülərdən aydın olur ki, Hacı Surxay məsciddə gecənin əsas döyüşü olan Rafael Fiziyev - Manuel Torres qarşılaşmasını izləyib və Fiziyevin qələbəsinə sevinib. Lakin bu, izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Bəziləri ibadət ocağında belə izləmənin düzgün olmadığını qeyd edib.
Məsələ ilə əlaqədar "Qafqazinfo"-ya açıqlama verən Hacı Surxay bildirib ki, burada qeyri-etik və ya dinə zidd məqam yoxdur: “İslam dini sadəcə ibadət rituallarından ibarət deyil; o, həyatın özüdür, gözəl əxlaqdır və cəmiyyətlə bütövləşməkdir. Məscidlər isə təkcə namaz qılınan məkan deyil, həm də möminlərin bir araya gəldiyi, bir-birinin sevincini və kədərini paylaşdığı mənəvi evimizdir.
Mənim orada döyüşünü izlədiyim gənc sıradan bir idmançı deyil. O, bizim məscidə gələn, namaz qılan, əxlaqı ilə hər kəsə nümunə olan, qəlb vətən sevgisi ilə döyünən bir mömin qardaşımızdır. O, beynəlxalq arenada Azərbaycanı təmsil edir, üçrəngli bayrağımızı ucaldır, dövlətimizin adını idman dünyasında tanıdır. Bir din xadimi, bir imam olaraq, öz gəncimizin vətənpərvərlik və idman uğuruna sevinmək, ona mənəvi dəstək olmaq mənim həm insani, həm də dini vəzifəmdir.
.jpg)
Peyğəmbərimizin dövründə də məscidlərdə cəmiyyətin müxtəlif sosial məsələləri müzakirə olunar, gənclərin fiziki hazırlığına və güclü olmasına önəm verilərdi. Güclü və sağlam mömin zəif mömindən daha xeyirlidir. Biz gənclərimizin qələbə sevincini məsciddə paylaşmaqla onlara tək olmadıqlarını, dinimizin onların halal uğurlarını dəstəklədiyini göstəririk. Burada tənqid olunası heç bir qeyri-etik və ya dinə zidd məqam yoxdur. Əksinə, gəncliyə sahib çıxmaq var”.
Hacı Surxay əlavə edib ki, belə gənclərin arxasında olmalı, onlara dəstək verilməlidir: “Biz dövlətinə, bayrağına, xalqına xidmət edən hər bir gəncin arxasındayıq. Mətbuatdan və ictimaiyyətdən də xahiş edirəm ki, məsələlərə zahiri pərdə arxasından deyil, mahiyyəti ilə baxsınlar. Biz o döyüşü izləyərkən sadəcə bir idman yarışı görmürdük; biz orada Azərbaycan gəncinin əzmini, bayrağımızın dalğalanma ehtimalının həyəcanını yaşayırdıq.
Uca Allah gənclərimizi, idmançılarımızı və dövlətimizi qorusun. Biz bundan sonra da vətəninə xidmət edən hər bir övladımıza xeyir-dua verməyə və onların yanında olmağa davam edəcəyik”.
12:40 29.06.2026
Oxunuş sayı: 60