Türkiyə İsrailin qondarma "erməni soyqırımı" qərarını sərt tənqid etdi
Türkiyə Xarici İşlər Nazirliyi İsrail hökumətinin qondarma "erməni soyqırımı"nı rəsmən tanımaq barədə qəbul etdiyi qərarı qətiyyətlə pisləyib.
Crossmedia.az xəbər verir ki, nazirliyin bəyanatında İsrailin bu addımı öz cinayətlərini ört-basdır etməyə yönəlmiş siyasi təşəbbüs kimi qiymətləndirilib.
Bəyanatda bildirilib ki, Fələstin xalqına qarşı sistemli zorakılıq həyata keçirməkdə və Qəzza zolağında soyqırımı törətmək ittihamı ilə BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində araşdırılan İsrail hökuməti 1915-ci il hadisələri ilə bağlı qəbul etdiyi siyasi qərarla diqqəti öz fəaliyyətindən yayındırmağa çalışır.
Türkiyə XİN həmçinin qeyd edib ki, tarixi və hüquqi faktları nəzərə almayan bu qərar, Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin Baş naziri Benyamin Netanyahu və digər rəsmilər barəsində çıxardığı həbs orderləri fonunda onların düşdüyü vəziyyəti nümayiş etdirir.
Bəyanatda vurğulanıb ki, Ankara İsrailin regionda sabitliyi pozan siyasətinə qarşı mübarizəni davam etdirəcək və Netanyahu hökumətinin mülki əhaliyə, xüsusilə Fələstin xalqına qarşı törədildiyi iddia olunan cinayətlərə görə beynəlxalq hüquq qarşısında cavab verməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, bundan əvvəl İsrail hökuməti qondarma "erməni soyqırımı"nın rəsmən tanınmasına dair qətnaməni yekdilliklə qəbul edib. Məlumata görə, sənəd Nazirlər Kabinetinin müzakirəsinə ölkənin xarici işlər naziri Gideon Saar tərəfindən təqdim olunub.
23:42 28.06.2026
Oxunuş sayı: 57