Ermənistanda mobil telefonlar tam nəzarət altına düşə bilər
Ermənistan hökumətinin "Elektron rabitə haqqında" qanuna təklif etdiyi dəyişikliklər ölkədə mobil telefonların istifadəsi ilə bağlı narahatlıqlara səbəb olub.
Crossmedia.az Sputnik Armenia-ya istinadən xəbər verir ki, qanun layihəsi mobil telefonların IMEI (beynəlxalq cihaz identifikasiya nömrəsi) kodlarının vahid məlumat bazasında toplanmasını nəzərdə tutur.
İnformasiya təhlükəsizliyi üzrə ekspert Artur Papyan sosial şəbəkədə yazıb ki, hökumət bu addımı telefon qaçaqmalçılığına qarşı mübarizə ilə əsaslandırır. Onun fikrincə isə yaradılacaq bazada telefonlar SIM kartlara və vətəndaşların şəxsiyyət məlumatlarına bağlanacaq. Bu isə dövlət qurumlarına istifadəçilərin şəbəkəyə nə vaxt qoşulduğunu izləməyə imkan verə bilər.
Ekspert əlavə edib ki, bütün bu məlumatların vahid bazada toplanması kibercinayətkarlar üçün də ciddi risk yaradır.
Artur Papyan həmçinin iddia edib ki, oğurlanmış telefonların tapılmasında çətinlik yaşansa da, hakimiyyəti tənqid edən jurnalist və ya etiraz aksiyası iştirakçılarının müəyyən edilməsi bu sistem vasitəsilə daha asan ola bilər.
Qeyd edək ki, bu fikirlər informasiya təhlükəsizliyi üzrə ekspert Artur Papyana məxsusdur və Ermənistan hökuməti bununla bağlı hələlik əlavə açıqlama verməyib.
11:50 26.06.2026
Oxunuş sayı: 52