İsrail çalışır ki, ABŞ ilə İran arasında əldə olunmuş razılaşmalar pozulsun
ABŞ və İran arasında uzun illərdir davam edən gərgin münasibətlər Yaxın Şərqdə təhlükəsizlik və sabitlik baxımından ən mühüm geosiyasi məsələlərdən biri olaraq qalır. Son dövrlər hərbi qarşıdurmanın səngiməsi və diplomatik təmasların bərpası istiqamətində atılan addımlar fonunda region ölkələri də vasitəçilik təşəbbüslərini artırırlar. Bu kontekstdə Qətərin ABŞ və İran arasında birbaşa əlaqə kanalının yaradılması təklifi diqqət çəkir. Körfəz regionunda hər iki ölkə ilə münasibətlərini qoruyan nadir dövlətlərdən biri olan Qətərin bu təşəbbüsünün məqsədi, onun regional maraqları və belə bir vasitəçiliyin tərəflər arasında etimadın formalaşmasına, eləcə də münaqişənin həllinə nə dərəcədə töhfə verə biləcəyi aktuallıq kəsb edən məsələlərdəndir.
Mövzu ilə bağlı politoloq Elşad Həsənov Crossmedia.az-a açıqlama verib:

“Bu ilin fevralın 28-dən başlayan ABŞ–İsrail–İran müharibəsi 43 gün davam etdi. Daha sonra hərbi əməliyyatlar dayandırıldı və danışıqlar mərhələsinə keçildi. Ardınca ABŞ Prezidenti Donald Tramp müharibənin dayandırılması ilə bağlı sənədi imzaladı, həmin sənədi İran Prezidenti Məsud Pezeşkian da imzaladı. Bununla tərəflərə 60 günlük müddət verildi ki, danışıqlar aparılsın və razılaşmanın müddəaları icra olunsun. Donald Tramp da son açıqlamasında bildirdi ki, əgər bu 60 gün ərzində razılaşmanın maddələri yerinə yetirilməsə və danışıqlar nəticə verməsə, o zaman İrana qarşı yenidən zərbələr endirilə bilər”.
Politoloq əlavə edib ki, , ABŞ və İran nümayəndə heyətləri İsveçrədə görüş keçirdilər: “ABŞ tərəfindən vitse-prezident Cey Di Vens, İran tərəfindən isə parlament sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçi iştirak edirdilər. Görüş kifayət qədər gərgin şəraitdə keçdi və əsasən Pakistan ilə Qətərin vasitəçiliyi nəticəsində baş tutdu. Bununla belə, danışıqları aparan tərəflər görüşün ümumilikdə səmərəli keçdiyini bəyan etdilər. Ancaq diqqət çəkən məqam ondan ibarət idi ki, görüş zamanı İran nümayəndələri ABŞ nümayəndələri ilə əl sıxmadılar və birlikdə şəkil çəkdirmədilər. Bu da İran tərəfinin düşmən hesab etdiyi dövlətin nümayəndələri ilə belə jestlər etmək istəməməsi ilə bağlıdır. Çünki ABŞ tərəfi fevralın 28-də baş vermiş hadisələr zamanı İranın ali dini rəhbəri Ayətullah Əli Xameneini və bir sıra digər rəhbərləri hədəfə almışdı. Bu səbəbdən İran tərəfi münasibətlərdə hələ də ciddi etimadsızlıq nümayiş etdirir. Qətərin vasitəçiliyi təsadüfi deyil. Çünki Qətər həm ABŞ-nin yaxın tərəfdaşlarından biridir, həm də Körfəz regionunun mühüm dövlətidir. Eyni zamanda ABŞ-nin regiondakı ən böyük hərbi bazalarından biri də Qətərdə yerləşir. Bu baxımdan Qətər hər iki tərəflə münasibətlərini qoruyub saxlayan və dialoq üçün əlverişli platforma yaradan ölkə kimi çıxış edir. Pakistanın Silahlı Qüvvələrinin komandanı, feldmarşal Asim Munirin də bu prosesdə müəyyən xidmətlərinin olduğu qeyd edilir. Əlbəttə, gələcəkdə ABŞ və İranın vasitəçilər olmadan birbaşa danışıqlar aparması mümkündür. Lakin hesab edirəm ki, hazırkı mərhələdə belə bir şərait hələ formalaşmayıb. Tərəflər bir-birinə əl uzatmır, eyni masada səmimi münasibət nümayiş etdirmirlər. Bu isə birbaşa danışıqların hələlik real görünmədiyini göstərir. Şübhəsiz ki, gələcəkdə birbaşa görüşlər daha effektiv ola bilər. Ancaq hazırda hər iki tərəf bir-birinə qarşı sərt bəyanatlar və təhdidlər səsləndirir. Donald Tramp İsveçrədə danışıqlar getdiyi dövrdə də İranı xəbərdar etdi. Buna cavab olaraq Məhəmməd Baqir Qalibaf çox sərt reaksiya verdi və bildirdi ki, İran dövləti və İran xalqı heç bir təhdiddən qorxmur. O vurğuladı ki, İran bu müharibə dövründə birləşdi və təcavüzkar hesab etdiyi qüvvələrə qarşı müqavimət göstərdi. Ona görə də hesab edirəm ki, ABŞ ilə İran arasında birbaşa danışıqların yaxın dövrdə baş tutması hələ mümkün görünmür. Lakin perspektivdə bunun baş verməsi istisna deyil”.
E.Həsənov qeyd edib ki, eyni zamanda bu danışıqların baş tutmaması üçün İsrail də ciddi səylər göstərir: “İsrail çalışır ki, ABŞ ilə İran arasında əldə olunmuş razılaşmalar pozulsun. Çünki razılaşmanın ilk bəndində hərbi əməliyyatların dayandırılması nəzərdə tutulur. Buraya Livanda döyüşlərin dayandırılması və Livanın dövlət suverenliyinin bərpa olunması da daxildir. Lakin təəssüf ki, İsrailin Baş naziri və hökumətdəki sərt mövqeli nazirlər buna qarşı çıxırlar. Onlar bildirirlər ki, İsrail ABŞ-ın tabeliyində olan dövlət deyil, müstəqil dövlətdir və öz təhlükəsizliyini təmin etmək üçün Livanın cənubundan çıxmaq niyyətində deyil. Beləliklə, artıq görünür ki, razılaşmanın ilk bəndinin icrasında da problemlər yaranır. Buna görə hesab edirəm ki, bu danışıqlar hələ uzun müddət davam edəcək. Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə bildirib ki, Azərbaycan müharibənin deyil, sülhün tərəfdarıdır və regionda əmin-amanlığın bərqərar olmasını istəyir. Lakin mövcud vəziyyət göstərir ki, davamlı sülhə nail olmaq hələ də kifayət qədər çətindir. Bunun üçün bütün tərəflərin ciddi siyasi iradə nümayiş etdirməsi və uzunmüddətli fəaliyyət göstərməsi lazımdır. Biz də hesab edirik ki, çətin müharibədənsə, çətin danışıqların aparılması daha məqsədəuyğundur. Əsas odur ki, müharibə olmasın, sülh və əmin-amanlıq təmin edilsin”.
Ayhan
12:30 26.06.2026
Oxunuş sayı: 51