BDU rektoru: Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsinə yüzlərlə məzunumuz peşəkar mütəxəssis kimi öz töhfəsini verir
"Bu gün qlobal miqyasda yeni bilik iqtisadiyyatı formalaşır. Rəqəmsal transformasiya cəmiyyətlərin inkişafının əsas hərəkətverici qüvvəsinə çevrilir".
Crossmedia.az xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev iyunun 12-də Milli Gimnastika Arenasında BDU-nun Məzun Günündə deyib.
O, bildirib ki, Azərbaycan da bu proseslərin fəal iştirakçısı kimi davamlı inkişaf edir, yeni imkanlar yaradır və insan kapitalının gücləndirilməsini dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edir:
"Müasir dünyamızda hər bir uğurun əsasında bilik, peşəkarlıq, çevik düşüncə və yeniliklərə can atmaq dayanır. Siz Universitetdə qazandığınız biliklərə, dünyagörüşünüzə və əldə etdiyiniz bacarıqlara söykənərək ölkəmizin inkişafında mühüm rol oynayacaqsınız. Dövlətimizə, xalqımıza və gələcəyimizə qarşı məsuliyyət hissi ilə fəaliyyət göstərmək sizin ən ali vəzifəniz olmalıdır. Vətən sevgisi, milli-mənəvi dəyərlərə bağlılıq və peşəkarlıq həyat yolunuzun əsas prinsiplərinə çevrilməlidir. BDU-nun dünya şöhrətli məzunu, müasir Azərbaycan Respublikasının qurucusu, Ulu Öndər Heydər Əliyev hər zaman Universitetimizin ən böyük qürur mənbəyi olub. Onun “Mən çox xoşbəxtəm ki, Bakı Dövlət Universitetinin məzunuyam!” kəlamı BDU-ya verilmiş ən yüksək qiymətin ifadəsidir. Siz də bu böyük məktəbin məzunları kimi hər zaman bununla fəxr etməli, bu ada layiq olmağa çalışmalısınız”.
Rektor bildirib ki, 107 il əvvəl cəmi iki fakültə, 44 nəfərlik professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlayan BDU bu gün regionun aparıcı ali təhsil müəssisələrindən birinə çevrilib: "25 mindən artıq tələbənin təhsil aldığı, 1500 nəfərlik professor-müəllim heyətinin çalışdığı ali təhsil müəssisəsi kimi BDU təkcə ölkəmizdə deyil, regionun aparıcı universiteti kimi sürətlə inkişaf edir. Təhsilin keyfiyyəti yüksəlir, yeni təlim texnologiyaları tətbiq olunur, elmi tədqiqatların əhatəsi genişlənir. Yeni idarəetmə mexanizmlərinin tətbiqi istiqamətində ardıcıl islahatlar aparılır. Hər il BDU-nun minlərlə məzunu yüksək ixtisaslı kadr kimi əmək fəaliyyətinə başlayır:
“Məzunlarımız dövlət təşkilatlarında, iri sənaye müəssisələrində, beynəlxalq təşkilatlarda, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni həyatında uğurla təmsil olunur, öz bilik və bacarıqları ilə seçilirlər. Bu gün doğma Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsinə yüzlərlə BDU məzunu peşəkar mütəxəssis kimi öz töhfəsini verir. Hər il "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı" əsasında onlarla BDU məzunu nüfuzlu xarici universitetlərə yollanır. Bütün bunlar Bakı Dövlət Universitetində formalaşmış güclü ənənələrin, yüksək təhsil mühitinin göstəricisidir. 5 il əvvəl dünya universitetləri reytinqində top 1500-də qərarlaşan universitet artıq ilk 700-dədir, sabah ilk 600-də qərarlaşacaq, əminik ki, yaxın gələcəkdə ilk 500-də, hətta daha yüksəklərdə yer alan, güclü elm-təhsil mərkəzləri sırasında öz layiqli mövqeyini möhkəmləndirən və dünya universitetləri ilə çiyin-çiyinə dayanan bir ali təhsil ocağına çevriləcək. Bu yüksəliş yalnız rəqəmlərin dəyişməsi deyil, həm də sistemli inkişafın, elmi potensialın və beynəlxalq rəqabət qabiliyyətinin göstəricisidir. Bakı Dövlət Universiteti hər zaman öz missiyasına sadiq qalaraq cəmiyyətə savadlı, vətənpərvər, məsuliyyətli və təşəbbüskar gənclər bəxş edib. Bu gün də bu missiya davam edir. Əminik ki, harada çalışmalarından asılı olmayaraq BDU məzunları dövlətimizə, xalqımıza layiq vətəndaşlar kimi xidmət edəcək, Bakı Dövlət Universitetinin adını daim uca tutacaq, qazandıqları bilik və bacarıqlarla cəmiyyətimizə fayda verəcək, valideynlərin, müəllimlərin və dövlətimizin ümidlərini doğruldacaqlar. Universitet hər zaman sizin doğma eviniz, uğurlarınızın başlanğıc nöqtəsi və qürur mənbəyiniz olaraq qalacaq”.
17:26 12.06.2026
Oxunuş sayı: 67